Avropa ölkələri narkotik istifadəsini niyə leqallaşdırır? – VƏ YAXUD “NARKOKLUB”LARIN FƏALİYYƏTİ ONLARA NƏ QAZANDIRACAQ?

Narkotik problemi ilə üz-üzə qalmış ölkələr özlərinə məxsus tərzdə vəziyyətdən çıxış yolları axtarırlar. Onlardan bəziləri bu problemin həllini narkotik istifadəsini leqallaşdırmaqda görür. Əsasən də Avropa dövlətləri bu sahədə xeyli yol qət ediblər. Onlardan bəziləri hətta narkotiki şəxsi istifadə məqsədi ilə əkməyə və saxlamağa da icazə veriblər...

İlk baxışdan belə təəssürat yaranır ki, bu ölkələrdə narkotiklərin leqallaşdırılması demokratiyanın təzahürüdür. Yaxud bu addımı atan dövlətlərdəki müəyyən dairələr məsələni bu cür qələmə verməyə çalışırlar.

Bu yaxınlarda Amsterdam bələdiyyəsi şəhərin “Amsterdam-Şərq” bölgəsini qəhvəxanalarda marixuana zəncirini tənzimləmə təcrübəsində iştirak etmək üçün namizəd ərazi olaraq irəli sürdü. Layihə narkotikin istehsalı, yayılması və satışının leqallaşdırılması imkanlarının qiymətləndirilməsinə yönəlib. Hollandiya qəhvəxaxanalarda marixuana satışına icazə versə də, onun istehsalı və satışı hələ də qanunsuz sayılır. Hökumətin fikrincə, bu “tolerantlıq siyasəti” ona gətirir ki, qəhvəxanalar narkotiki qeyri-qanuni şəkildə “qara bazar”dan, yaxud “arxa qapı”dan əldə edirlər, bu isə cinayətkarlıq, təhlükəsizlik və ictimai sağlamlıq üçün mənfi nəticələr doğurur.

Niderlandın Səhiyyə naziri Ernst Kuipers isə “narkokafe”lərə tədarük edilən marixuana növlərinin geniş çeşidinə ehtiyac olduğunu vurğulayaraq bildirir ki, davamlı olaraq yüksək keyfiyyətin saxlanılması və tədarükün ardıcıllığı təmin edilməlidir.

Almaniyanın Səhiyyə Nazirliyi iyulun 5-də marixuanadan şəxsi məqsədlər üçün istifadəni, evdə becərmə və sosial klublar nümunəsində marixuana yetişdiriciləri birliklərinin yaradılmasını tənzimləmək üçün qanun layihəsini dərc edib. Qanun layihəsinə əsasən, 18 yaşdan yuxarı insanlar üçün 25 qramdan çox olmamaq şərti ilə çətənə saxlamağa və üç ədəd olmaqla çətənə əkməyə icazə verilir. Bununla belə, saat 07.00-20.00-dan sonra yaşı 18-dən az olan şəxslərin kütləvi şəkildə yaxın olduğu yerlərdən - məktəblərdən, uşaq-gənclər müəssisələrindən, uşaq meydançalarından, ictimai idman obyektlərindən və piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdən 200 metr radiusda çətənənin istifadəsi qadağan olaraq qalır. Konkret qanunsuz fəaliyyətə görə cərimələr və cinayət məsuliyyəti tətbiq olunacaq.

Dediyimiz kimi, Avropanın bir sıra ölkələrində narkoklublar mövcuddur, hansı ki, narkomanlar bu klublara yığışır və burada narkotikdən istifadə edirlər. Ancaq belə görünür ki, bu da çıxış yolu deyil. Məsələn, İspaniya ərazisində 1500 ədəd belə klub var. Ancaq narkotikin sərbəst alınması və çəkilməsi modeli özünü doğrultmadığına görə, Barselonanın yeni merinin təhlükəsizlik üzrə müşaviri mart ayında marixuana klublarını qadağan etmək istədiyini acılamışdı.

İspaniyanın Kataloniya bölgəsi narkomaniya üzrə Avropada ilk yerlərdədir. Ümumiyyətlə isə, Maltadan sonra Aİ-də çətənəni leqallaşdıran 2-ci ölkə Lüksemburq oldu. Şotlandiyada da narkotiki leqallaşdırma çağırışlarına ölkənin Mühafizəkar Ədliyyə sözçüsü Rassell Findli mövqeyini, "Avropanın ən pis durumda olan Şotlandiyadakı böhranı heroin, krek və digər A sinfi narkotikləri leqallaşdırmaqla həll etməyə çalışmaq dəlilikdir. Bu, küçələrimizi narotiklə daha da dolduracaq və daha çox insanın həyatını riskə atacaq" sözləri ilə şərh etdi.

Bəs demokratik dövlətlərin vətəndaşlarının “narkotikli yaşantısı”na belə tolerant yanaşması nədən qaynaqlanır? Həqiqətənmi, bu məsələdə də “demokratik dəyər” əsas rol oynayır? Fikrimizcə, yox. Hökumətlərin marixuananı leqallaşdırmaq, eləcə də “şəxsi istifadə” üçün çətənənin saxlanmasını və kiçik həcmdə əkilməsini dəstəkləməsi insanların “narkotikli yaşantısı” hüququna “demokratik yanaşma” mövqeyindən irəli gəlmir. Hökumətlər narkotik istifadəsini “narkoklub”lara yönləndirməklə, əslində, həmin klubların qazanc götürməsini təmin edirlər ki, bunlar da rəsmi vergi ödəyicisidirlər və dövlətə vergi verirlər. Qeyri-leqal narkotik satıcıları isə dövlətə vergi vermirlər. Üstəlik narkotik tədarükünü müəyyən şəkildə tənzimləmək narkotikin də bu icazəli məkanlardan, “narkoklub”lardan əldə edilməsinə gətirəcək ki, burada da hökumət narkoticarətdən gələn gəlirlərin ayrı-ayrı narkobaronların cibindən dövlət büdcəsinə axınını təmin edəcək. Belə görünür ki, bunda əsas məqsəd narkotikin pərakəndə satışından gələn gəlirləri büdcəyə toplamaq, büdcəyə pul qazandırmayan narkotacirləri gəlirdən məhrum etməkdir.

Həmin narkomanların qazandıqları zərər, xəstəlik, fəsadlar isə, Allah bilir ki, hökumət üçün neçənci dərəcəli məsələdir. Öz gələcəyinə biganə olan narkotik aludəçisini narkotiklərlə baş-başa, taleyin ixtiyarına buraxmaq qəbahət deyil. Nəhəng narkotik ticarətinin qazandırdığı pulların büdcədən yayınması isə, belə desək, qəbahətdir.

Burada məsələyə digər bir tərəfdən baxmaqda da fayda var. Bir çox ekspertlər narkotiklərlə mübarizənin uğursuzluğunun səbəbləri üzərində baş sındırırlar. Buna misal olaraq 1997-2001-ci illərdə Böyük Britaniya Narkotik Koordinatorunun müavini olmuş Mayk Treysin fəaliyyətini göstərə bilərik. Onun vəzifələrinə Böyük Britaniyanın ilk Milli Narkotik Strategiyasını yaratmaq və onun ilkin icrasına nəzarət etmək daxil idi. 2001-2002-ci illər arasında Mayk həmçinin Böyük Britaniya hökuməti tərəfindən narkotikin sürətli genişlənməsinə nəzarət etmək üçün yaradılmış Milli Müalicə Agentliyinin Səmərəlilik üzrə Direktoru vəzifəsində çalışıb. 2002-ci ilin noyabrında o, BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsində işə başlayır.

Tezliklə məlum olur ki, Treys, “Açıq Cəmiyyət İnstitutu” xeyriyyə şəbəkəsinin prezidenti Arye Neyer ilə koordinasiyalı və gizli şəkildə narkotiklərin leqallaşdırılmasının Avropa üzrə təbliğat kampaniyasını aparıb. Ardınca Treys Narkotik Siyasəti üzrə Beynəlxalq Konsorsiumun sədri oldu. Arye Neyer isə Amerikalı hüquq müdafiəçisi, “Human Rights Watch” təşkilatının həmtəsisçisi, 1970-1978-ci illərdə Amerika Vətəndaş Azadlıqları İttifaqının milli direktoru olub.

ECAD (Avropanın Antinarkotik Şəhərləri) keçmiş EMCDDA sədri Mayk Treys ilə bağlı qalmaqal barədə ilk məlumat verən qurum olub. Əvvəllər Böyük Britaniyanın “narkotik çarı”nın müavini olmuş və BMT-nin Vyanadakı “Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi”nin rəhbəri təyin edilmiş Treys, yanvar ayında mətbuatın verdiyi məlumata görə, narkotiklərin leqallaşdırılması hərəkatı üçün “əlləşən” “beşinci kolon” kimi ifşa edilib. Treys məsul vəzifələrdə çalışarkən BMT-nin narkotik konvensiyalarını dəyişdirən şəbəkənin fəal iştirakçısı olub.

Mayk Treysin fəaliyyəti ilə bağlı BMT və Aİ-də narkotik qalmaqalı da baş verib. Məlumata görə, Böyük Britaniyanın keçmiş "narkotik çarı"nın müavini Mayk Treys narkotiklərin qanuniləşdirilməsi üzrə Avropa kampaniyasına gizli rəhbərlik edib.

Treys BMT-yə qoşulmazdan əvvəl Nyu-Yorkda Sorosun maliyyələşdirdiyi “Açıq Cəmiyyət İnstitutu”nun prezidenti Arye Neyr ilə yazışmada öz strategiyasını açıqlayıb. O, Neyrə yazır: “Əsas məqsədlər əvvəlki kimi qalır - beynəlxalq təşkilatlar gələn il qlobal narkotik siyasətini nəzərdən keçirərkən hökumətlərə təsir etmək üçün kifayət qədər mürəkkəb olacaq araşdırma, siyasi təhlil, lobbiçilik və media kampaniyalarının kombinasiyasını hazırlamaq”.

Britaniyanın “Release” təşkilatı təxribat fəaliyyətləri üçün “örtük” rolunu oynayıb. Bu fəaliyyəti idarə etmək üçün qrup da təşkil edilib və “Açıq Cəmiyyət İnstitutu”ndan pul alınıb. Britaniyanın “Daily Mail” və Avstraliyanın “Daily Telegraph” qəzetləri Treysin BMT-nin narkotik konvensiyalarını pozmaqda iştirakının təfərrüatlarını dərc ediblər. Jurnalist araşdırması nəticəsində Treys BMT, EMCDDA və Böyük Britaniyanın “Müalicə və Reabilitasiya İnstitutu”ndakı bütün rəsmi vəzifələrindən istefa verib.

Yazılanlardan göründüyü kimi, hökumətlərin içindəki maraq dairələri insanların narkotik asılılığından xilasındansa, onların narkotik istifadəsindən pul qazanmaqda maraqlıdırlar. Bir az da dərinə varsaq, belə bir təəssürat yaranır ki, dövlətlərin idarəçilik sistemi içndəki Mayk Treys kimi məmurların əli ilə narotik asılılığının cənginə düşməyə meylli insanlara narkotiklə "tanış olması" üçün əlverişli mühit yaradılır. Bu qüvvələr nəinki insanların narkotik asılılığından xilas olmasında maraqlı deyil, əksinə onlar narkotik asılılığını "narkotik epidemiyası"na transformasiya etməklə böyük insan kütlələrinin "narkotik bataqlığına dalmasında", insanların "özünüməhv" mexanizmi ilə öz-özlərini məhv etməsində maraqlıdırlar. Avropada vəziyyət belədirsə, Azərbaycanda insanların zombiyə dönməsində, onların bədbəxtliyindən pul qazanan maraqlı qrupların başında kimlərin durması da sual doğurmaya bilməz. Bu qəbildən silsilə yazılarımız davam edəcək.

Asya ŞÜKÜROVA,

Stopnarkotik.az