Avropanın narkotiklərə qarşı müharibəsi səngimək bilmir, lakin görünür, o az effektlidir. Çünki kanalizasiya sularını təhlil edən yeni elmi araşdırma Avropa şəhərlərində narkotiklərin qanunsuz istifadəsinin artdığını göstərir.
Stopnarkotik.az bildirir ki, “SCORE” qrupu ilə “Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi”nin (EMCDDA) birgə tədqiqatının son nəticələri kanalizasiya sularında çətənə, kokain, metamfetamin, amfetamin, MDMA və ketaminin tullantı qalıqlarını aşkarlayıb.
Belə ki, Avropanın 21 ölkəsinin 104 şəhərində aparılan araşdırma nəticəsində çirkab sularında kokain və metamfetaminin artdığı müəyyən edilib. “Bugünkü göstəricilər, demək olar ki, hər yerdə tapılan altı maddənin içində olduğu narkotik probleminin mənzərəsini yaradır. Tullantı sularının tədqiqi bizə dərman istifadəsi və təchizatının dinamikası haqqında getdikcə daha çox bilgi verir”, deyə mərkəzin direktoru Aleksis Qusdil açıqlamasında bildirib.
Kokain tədqiqata daxil olan bütün şəhərlərdə tapılıb. Sayın artması geniş ictimaiyyət tərəfindən narkotikin əlçatanlılığının və istifadənin geniş yayılmasından xəbər verir. Həm 2021, həm də 2022-ci illərə dair göstəricisi olan 66 şəhərin yarısından çoxunda kokain qalıqları artıb, onların əksəriyyəti Qərbi və Cənubi Avropadadır. Belçika, Hollandiya, İspaniya və Portuqaliya şəhərləri kanalizasiya nümunələrində kokainin ən yüksək həddə yayılıb.
İsveçrənin Bazel, Cenevrə və Sürix şəhərlərində də kokain metabolit qalıqlarından bəziləri ən yüksək həddədir. 2022-ci ildə dərc edilən Aİ narkotik bazarı təhlilinə görə, Hollandiya, Belçika və İspaniya şəhərlərində artım bu şəhərlərin limanlarında kokain ticarətinin artmasından qaynaqlana bilər.
Avropada ən çox kokain Belçika limanlarında 2020-ci ildə ələ keçirilib. Bu 2010-cu ildəkindən on dəfə çoxdur; ardından Hollandiya və İspaniya limanları gəlir. Kokain müsadiələrinin illik artımına baxmayaraq, kanalizasiya sularında aşkar edilən kokainin miqdarının da paralel artması narkotikin istehlak üçün daha çox əlçatanlığın olduğunu göstərir.
"İndi biz Avropa və beynəlxalq cinayət təşkilatlarının daha sıx işbirliyi sayəsində daha müxtəlif və dinamik narkotik bazarının artan təhlükəsi ilə üz-üzəyik", deyə Qusdil əlavə edib. “Ən son tullantı sularının təhlili də göstərdi ki, bir çox şəhərlərdə aşkarlanma nisbətlərinin azalmasına baxmayaraq, çətənə Avropada ən çox istifadə edilən qeyri-qanuni narkotik olaraq qalır. Bununla belə, tendensiya 15 şəhərdə azalma, 18 şəhərin çirkab sularında çətənə tullantısının isə 2021-ci ilə nisbətən artdığını göstərir.
Tədqiqat həmçinin həftə sonları çətənə və kokainin artdığını göstərdi, bu, daha tez-tez istirahət məqsədilə istifadə oluna bilər”, deyə Qusdil bildirib.
Stopnarkotik.az