"Atlant" sahibinə ağır ittihamlar: "30 il sənin qulun olmuşam" - MƏHKƏMƏ

"Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Stopnarkotik.az "teleqraf"a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ötən iclasda iki qərarın icrası məsələsi açıqlanıb.

Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevə məxsus əmlakların üzərinə həbs qoyulub, həmin qərar icraya yönəlib.
Bundan başqa, telefon danışıqları ilə bağlı sorğu göndərilməsi məsələsi də araşdırılacaq.

Qeyd edək ki, ötən məhkəmə iclasında "Atlant" istirahət mərkəzinin sahibin vəkili Nofəl Hacıyevə məxsus 7 milyon manatlıq əmlakının üzərinə həbs qoyulması istənilmişdi.

Daha sonra Nofəl Hacıyev vəziyyətinin yaxşı olmadığını deyib və bildirib ki, on gün əvvəl qardaşı Rövşən rəhmətə gedib.
Bu zaman Nofəl Hacıyev məhkəmədə iştirak edən maraqlı şəxs “Atlant”ın sahibi Tahir Qədəşovu ittiham edib: "Mən 30 il sənin qulun olmuşam. Allah sənə lənət eləsin!".

Tahir Qədəşov isə onun bu fikirlərinə əhəmiyyət verməyib. Mübahisə zamanı Nofəl Hacıyevin səhhəti pisləşib. O, özünü yaxşı hiss etmədiyi üçün məhkəmə zalına tibbi bacısı dəvət olunub, onun səhhəti yoxlanılıb, tibbi yardım göstərilib.

Tibbi müayinədən sonra məlum olub ki, təqsirləndirilən şəxsin təzyiqi yüksəkdir. Bu səbəbdən iclasın təxirə salınması qərara alınıb.

Buna isə zərərçəkmişlər etiraz ediblər. Bildiriblər ki, onların da səhhətləri yaxşı deyil.

Hakim isə onların diqqətinə çatdırıb ki, cinayət işi hərtərəfli araşdırılır: "Bu günə kimi 26 iclasımız olub. Biz işi tam araşdırırıq".
Zərərçəkmişlər prosesin davam etdirilməsini tələb ediblər.

Daha sonra prosesdə təqsirləndirilən şəxsin səhhəti ilə bağlı qısa fasilə elan olunub.

Fasilədən sonra yenə də məlum ki, təqsirləndirilən şəxsin səhhəti yaxşı deyil. Hakim tibbi yardım göstərsə də, vəziyyəti yaxşı olmayıb. Buna görə də iclasın bu vəziyyətdə davam etdirilməsinin mümkün olmadığı qeyd edilib.

Növbəti proses iyunun 19-da davam edəcək.

Bundan əvvəlki iclasda çıxış edən Nofəl Hacıyev bildirib ki, "Atlant" İstirahət Mərkəzinin ərazisində tikinti aparmaq üçün yaşıllığı Tahir Qədəşov məhv edib, 800-dən çox ağacı kəsib. O, Tahir Qədəşovun cinayət əməlləri ilə bağlı Baş Prokurorluğa müraciət olunacağını deyib.

Qeyd edək ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib.

Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur.

İttihama görə, vətəndaşlardan toplanan vəsait “Atlant”ın təmir və tikinti işlərinə sərf olunub.

Cinayət işi çərçivəsində “Atlant” İstirahət Mərkəzinin əmlakına həbs qoyulub. Əgər məhkəmə hökmü çıxarılarsa, bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər.

“Atlant”ın sahibi Tahir Qədəşovdur. Məhkəmədə onun da məsuliyyətə cəlb olunması tələb edilmişdi. Bu vəsatət hələlik baxılmamış qalır.

“Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində, dəniz sahilində yerləşir.