“Divardan adamlar çıxırdı, qəribə səslər eşidirdim; görürdüm, balaca-balaca adamlar üstümə qaçır...”
“Anam və atam dünyasını dəyişən gün narkotik istifadə etdim”
“Maşında qarşıma tüklü adamlar çıxırdı, düşürdüm ki, kimsə yoxdur”
Müsahibimiz Nəsrullayev Ağdaş Əli oğlu 1980-ci ildə Lənkəranda anadan olub. 44 yaşı var.
Deyir ki, 14-15 yaşlarından yüngül narkotik – marixuana istifadə etməyə başlayıb. 16 yaşında atası rəhmətə gedəndən sonra isə ağır narkotik istifadəsinə keçib.
Ağdaş Nəsrullayev uzun illər, 30 ildən çox Rusiyada – Moskvada yaşayıb. Təbii ki, buna “yaşamaq” demək olarsa. Çünki, özünün də dediyi kimi, həyatının yarısından çoxunu həbsxanalarda keçirib.
İlk dəfə 17 yaşında cinayət törədərək, ömürlük həbsə məhkum edilib. Sonradan Apellyasiya Məhkəməsi azyaşlı olmasını nəzərə alaraq ömürlük həbs cəzasını 25 illə əvəzləyib, Ali Məhkəmə isə cəzasının daha 10 ilini “götürüb”.
Beləliklə, 15 il xüsusi rejimli cəzaçəkmə müəssisəsində “yatıb”. Amma onun həbsxana həyatı bununla yekunlaşmır. Belə ki, “dosye”sində inkassator maşınını qaçırmaq, bank soymaq, adam oğurlamaq və s. kimi çoxsaylı cinayət əməlləri olan A.Nəsrullayev bu səbəblərdən dəfələrlə həbsdə olub.
Həmsöhbətimiz deyir ki, heç vaxt narkotiklə əlaqədar cəza çəkməyib. Buna baxmayaraq, həbsxanada olduğu illər ərzində də narkotik istifadəsini davam etdirib.
Ağdaş Nəsrullayev Rusiya ilə yanaşı, Azərbaycan həbsxanalarında da cəza çəkib. Belə ki, islah olunmayan dustaq kimi Qaradağda yerləşən xüsusi rejimli 8 saylı Cəzaçəkmə Müəssisəsində, daha sonra isə 17 saylı CM-də “yatıb”. Təxminən 1 il əvvəl həbsdən azad olunan A.Nəsrullayev artıq həyatının qalan hissəsini azadlıqda və “ayıq” yaşamağı qarşısına məqsəd qoyub.
“Artıq prinsiplərim üzərində yaşayacam”, - deyən həmsöhbətimiz vurğulayır ki, narkotik və həbsxana həyatı xanımının onu tərk etməsi ilə nəticələnib. Hazırda 17 yaşlı qızının olduğunu bildirən Ağdaş Nəsrullayev gec də olsa ona layiqli ata olmaq istəyir. Deyir ki, artıq kimsənin övladına “narkoman qızı” deməsini istəmir.
Hazırda "Start - 12” Reabilitasiya Mərkəzində sağlam həyata doğru addımlayan A.Nəsrullayev həyat hekayəsini “Stop narkotik” internet telekanalı ilə bölüşüb.
Verilişimizi izləməyi, kanalımızı bəyənməyi unutmayın.
Stopnarkotik.az