Bakıda küçədə keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən İlqar Qəribovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Stopnarkotik.az "report"a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin - mərhumun hüquqi varisi, eyni zamanda bacısı olan Gülnar Məmmədova dindirilib.
Bildirib ki, təqsirləndirilən şəxs mərhum Raminə Qəribovaya hər zaman şiddət göstərib:
"İlqar bacımı söyüb-döyürdü. Bir dəfə onların aralarında dava oldu, bacım bizə gəldi. Mən dəfələrlə İlqara bacımla mehriban davranmağını xahiş edirdim. İlqar Raminəni ölümlə təhdid edirdi. Onların nişanlı vaxtından aralarında konflikt olub, sadəcə, bacım övladına görə hər şeyə dözüb".
Daha sonra təqsirləndirilən şəxsin oğlu Uğur Qəribov ifadə verib. Onun sözlərinə görə, valideynləri heç vaxt bir-biriləri ilə yola getməyiblər:
"Hər dəfə atam evimizdə söz-söhbət salaraq anama zülm edirdi. Hadisə olan vaxt artıq anamla atam boşanmışdılar. Mən hərbi xidmətə ona görə getmək istəmirdim ki, anamı atamdan qoruyum. Nəhayət, hərbi xidmətə yollandım və orada eşitdim ki, atam dəfələrlə anamı təhdid edir. Anamın ölüm anında onunla telefonda danışırdım. Həmin vaxt başa düşdüm ki, ona bıçaqla zərbə vuran atam imiş".
Məhkəmənin növbəti iclası sentyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü İlqar Qəribov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı keçmiş arvadı, 1983-cü il təvəllüdlü Raminə Qəribovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Daha sonra İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.