“ASILILIQ DÜŞÜNCƏ XƏSTƏLİYİDİR” – Ramin Allahverdiyev: “Biz pozitiv düşüncəni neqativ düşüncənin yerinə qoymağa dəstək olmalıyıq”

“6 il müddətində hər il 200-300 narkoloq yetişdirək, nəticəyə müsbət təsir etmirsə, bu nəyi dəyişir?!”

“Uşaqlara daha çox zaman ayırmaq, ünsiyyət tələbatlarını ödəmək, fikirlərini öyrənmək, bir şəxsiyyət kimi dəyər vermək və güvənmək lazımdır”

Sentyabrın 17-də Prezidentin sərəncamı ilə təsdiq olunan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın son 5 il ərzində bu sahədə aparılan mübarizəyə yeni nəfəs gətirəcəyinə ümid verir. Proqramda vurğulanan əsas nünaslardan biri də peşəkar həkim-narkoloqların hazırlığı məsələsidir. Bəs, bu faktor mübarizənin effektində nə qədər rol oynayır, daha nələrə diqqət yetirilməlidir ki, 5 ildən sonra narkomaniyanın azalmasında gözlə görülən uğurlar əldə edək? Bu və digər suallara tanınmış psixoterapevt, narkoloq, Qarabağ Universitetinin müəllimi Ramin Allahverdiyevlə müsahibəmizdə savab tapmağa çalışdıq.

“Dünyanın istənilən yerində psixiatriya və narkologiya eyni ixtisas sayılır”

- Bildiyimiz kimi, sentyabrın 17-də Prezidentin imzaladığı sərəncamla “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olundu. Proqramdakı əsas istiqamətlərdən biri dövlət narkoloji tibb müəssisələrində xidmətin təkmilləşdirilməsi üçün peşəkar kadrlarla təmin edilməsidir. Ümumiyyətlə, bilmək istərdik ki, ölkəmizdə narkoloq ixtisası üzrə kadrlar necə hazırlanır? Tibb Universitetində narkoloq ixtisası üzrə kadr hazırlığı gedirmi? Yoxsa, narkoloqlar psixiatriya sahəsindən narkologiya ixtisasına gəlirlər?

- Ümumiyyətlə, dünyanın istənilən yerində psixiatriya və narkologiya eyni ixtisas sayılır. Çünki eyni problemlərin fonunda baş verən bir prosesi aradan qaldırırlar. Zatən psixoaktiv narkotik maddə istifadəsi nəticəsində psixiatrik problemlər ortaya çıxır. Ona görə, bizdə o ayrı-ayrı müəssisələr kimi götürülür. Hazırda Respublika Narkoloji Mərkəzində də tibbi narkoloji xidmət var. Psixiatriyanın tətbiqində də narkoloji xidmət var. Psixiatriya xəstəxanasında əsasən həm psixiatrik pozuntusu, həm də narkoloji problemi olan vətəndaşlarımız müalicə alır.

- Deməli, Tibb Universitetində ayrıca narkoloq ixtisası üzrə təhsil yoxdur, eləmi?

- Xeyr, Tibb Universitetində tələbələr “Müalicə işi” ixtisasını bitirirlər, 6 ildən sonra ixtisaslaşmanı narkoloji və yaxud psixiatriya sahəsi üzrə davam etdirməyə, mütəxəssis kimi yetişməyə qərar verirlər. Tibb Universitetində konkret olaraq narkologiya üzrə ixtisas yoxdur.

- Bəs psixiatriyada alınan təhsil narkoloq kimi çalışmağa yetərli olur, yoxsa məzun haradasa bu sahə üzrə praktika keçir?

- Onlara fənnlər tədris olunur, sonradan 2 il ixtisaslaşma gedir. Sonra narkoloji mərkəzdə rezident kimi rezidentura keçirlər. Və burada həm yeni biliklərə yiyələnirlər, həm tibbi tərəfdən araşdırma aparırlar, digər mövzularla bağlı dərslər keçirlər. Məsələn, şəxs narkologiyanı seçirsə, mövzu ilə bağlı əsas praktik tərəfləri araşdırırlar, hər hansı bir həkim supervayzer qismində təyin olunur ki, onu öyrətsin, məlumatlandırsın - prosedur necə gedir, maddə asılılığının müalicəsində hansı dərmanlardan istifadə edilir və s.

- Sizcə, ayrıca “Narkologiya fakültəsi” açmağa ehtiyac varmı?

- Zatən burada vacib olan işin nəticəsidir. İşin nəticsi də onu göstərir ki, narkoloji prosesdə detoksifikasiya mərhələsi narkoloqların nəzarətində aradan qaldırılır. Detoksifikasiya da, adından göründüyü kimi, toksiki maddələrin orqanizmdən xaric olunması və şəxsin ağrıdan xilas olunmasıdır. Məqsəd şəxsin ağrıdan xilas olunması və terapiyaya daha yaxşı cavab verməsidir. Ona görə, narkoloqun 6 il Tibb Universitetində oxuması və yaxud onun sonra gedib təhsilini başqa yerdə davam etdirməsi məsələsi yox, hal-hazırkı prosesdə narkoloji xidmətdə nə qədər faydaları varsa, o diqqət mərkəzinə gətirilməlidir. Söhbət ondan gedir ki, burada dünya təcrübəsindən istifadə edirlərmi, araşdırmalar aparırlarmı, akademik yeniliyə açıqdırlarmı? Vacib olan budur. Zatən dövlətin konkret tələbi, təhsil proqramı var. Ona görə, 6 il müddətində hər il 200-300 narkoloq yetişdirək, nəticəyə müsbət təsir etmirsə, bu nəyi dəyişir?!

“Tədqiqatlar onu göstərir ki, istifadəçi ilə paralel, valideynlə də iş aparmaq lazımdır”

- Bəs, hazırkı halda nəticəyə müsbət təsir etmək üçün hansı təkliflər irəli sürülə bilər?

- Nəticəyə müsbət təsir etmək üçün dünyanın istənilən yerində narkoloji xidmətdə müalicələr multidisiplinar proseslə, yəni komanda işi ilə aparılır. Biz bilirik ki, narkotik maddə istifadəsində birinci tibbi problemlər ortaya çıxır. Tibbi problemlər aradan qaldırılır. Əgər yanaşı komorbid xəstəlik, psixiatrik problemlər, nevrotik problemlər varsa, burada həm narkoloqun, həm nevroloqun, həm psixiatrın, həm psixoloqun işi olmalıdır. Son illər bu, Avropada aktualdır və vacib məsələdir – sosial işçilər prosesə cəlb olunmalıdır ki, ailədaxili münasibətlər, əmək fəaliyyəti, sosiallaşmadakı əsas faktorlar, resosiallaşma, reabilitasiya – bütün bunlar hamısı nəzarətdə olsun. Yəni bizdə belə bir proses gedir ki, biz maddə istifadəçisinin üzərinə daha çox yüklənirik: “sən dəyişməlisən”, “sən narkotik istifadəçisisən”, “sən yalançısan”, “sən oğrusan”, “sən cinayətkarsan”...

Amma təcrübə və tədqiqatlar onu göstərir ki, istifadəçi ilə paralel, valideynlə, ailə ilə iş aparmaq lazımdır. Çünki şəxs narkotik asılısıdırsa, metaforik olaraq onu da “valideyninin narkotiki” kimi dəyərləndirə bilərik. O, narkotik axtarmaq üçün necə şiddətli istək yaşayırsa, valideyin də ancaq onunla – hara getdin, nə yedin, kiminlə görüşdün, istifadə etdin, gözün niyə qızarıb və s. kimi ünsiyyət qurur, bu da tətikləyici faktor kimi çıxış edərək, o şəxsi yenidən narkotikə aparır. Ona görə, multidisiplinar iş apardığımız təqdirdə vətəndaşımızla bağlı çox effektiv nəticələrlə qarşılaşırıq. Amma nə qədər ki, narkoloq deyəcək - psixoloqun bu işə aidiyyəti yoxdur, psixoterapiyaya nə ehtiyac var, işin hamısını mən həll edirəm, - onda biz heç bir nəticə əldə edə bilməyəcəyik.

- Bu ilin aprelində İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) məruzəsində bir fikir öz əksini tapdı: “Ölkədə ixtisaslı kadrların narkoloq və kliniki psixoloqların çatışmazlığı mövcuddur ki, həmin peşə üzrə mütəxəssislərin də sayının artırılması vacibdir”. Sizcə, narkoloq çatışmazlığı varsa, kadr hazırlamaqla yanaşı, bu hansı şəkildə təmin oluna bilər?

- Azərbaycanda yetərincə ixtisaslaşmış, öz işinin peşəkarı olan narkoloqlar mövcuddur. Burada əsas məsələ, bayaq dediyim kimi, narkoloq, psixoloq, psixoterapevt, psixiatr, nevroloq, sosial işçi olmaqla, hamının bir komanda şəklində işləməsidir. Bu halda biz o nəticəni əldə edə bilirik. Zatən, faiz dərəcəsinə baxsaq, narkoloqun bu işdə əsas fəaliyyəti 5-10 faizdir. Narkoloq şəxsin orqanizmini təmizlədi, ağrıdan xilas etdi, bundan sonra narkoloqun işi nədən ibarətdir? Yoxdur. Ondan sonra prosesə psixoloq, psixoterapevt, psixiatr, nevroloq və s. daxil olur. Burada vacib olan prosesi düzgün şəkildə keçirməkdir. Narkoloji dispanserlərdə yanaşma bundan ibarətdir ki, əsas narkoloji müalicə oldusa, şəxs sağaldı. Amma biz araşdıranda da, oxuyanda da görürük ki, asılılıq bir düşüncə xəstəliyidir, sosial xəstəlikdir, ailə xəstəliyidir. Biz şəxsin düşüncələri ilə işləməliyik. Şəxsin düşüncəsini dəyişməyə, pozitiv düşüncəni neqativ düşüncənin yerinə qoymağa dəstək olmalıyıq. İstəklə mübarizə modelləri ortaya çıxarmalıyıq. “Yox” demə bacarığını aktivləşdirməliyik. Asılının ailəsi ilə iş aparmalıyıq. Ailədədaxili və xarici tətikləyiciləri aşkarlayıb ortaya çıxarmalıyıq ki, şəxs özünü tək, günahkar, lazımsız, sevgisiz hiss etməsin. Məsələ budur, bu dəqiqə dünya təcrübəsi bunu deyir.

“Bəzən elə sözlərdən istifadə olunur ki, bu, şəxsi maddədən uzaqladırmır, əksinə, maddəyə yönləndirir”

- Ramin müəllim, yeni Dövlət Proqramında narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin artırılması məqsədilə həmn tədbirləri icra edən şəxslərin peşəkarlığının yüksəldilməsi üzrə təlimlərin keçirilməsi bəndi də var. Bu barədə fikrinizi bilmək istəyərdik…

-Bununla bağlı onu deyə bilərəmi ki, ümumiyyətlə, hal-hazırda aparılan narkoloji mövzularla bağlı təlimlərdə mütləq mövzu ilə bağlı yüksək professionallığa malik mütəxəssislər çıxış etməlidir. Orada istifadə etdiyimiz hər söz, hər cümlə, hər düşüncə həm auditoriyanın psixoloji vəziyyətinə, həm də şəxsdə maddə ilə bağlı müsbət və mənfi fikir formalaşmasına təsir edir. Bəzən elə cümlələrdən, elə sözlərdən istifadə olunur ki, bu, şəxsi maddədən uzaqladırmır, əksinə, maddəyə yönləndirir. Əsas da bu məsələnin, yüksək nəzarətlə, orta məktəblərdə həyata keçirilməsi faydalıdır. Biz dünya təcrübəsinə də baxsaq, bu mövzuyla bağlı inkişaf etmiş ölkələrdə əsas təhsil prosesində, orta təhsil müəssisələri və ali təhsil müəssisələrində aparılan profilaktik tədbirlərdə hansı sözlərdən hansı formada istifadə edilməlidir, hansı şəkillərdən necə istifadə olunmalıdır, hansı slaytları göstərmək olar, yaxud hansı olmaz məsələlərinə çox diqqət edildiyini görərik. Bu, çox böyük diqqət tələb edir. Əlbəttə, bu mövzuyla bağlı tədbirlər keçirən təlimçilərin peşəkarlığı vacibdir. Mütləq yüksək peşəkarlığa malik təlimçilər tərəfindən təlim aparılması təmin olunmalıdır. Həm məktəb psixoloqları, həm digər müəssisələrin təlimçiləri, yəni bu işdə uzun illər fəaliyyət göstərən, araşdırmalar aparmış, akademik uğurları olan psixoloqlar, psixoterapevtlər və narkoloqlar tərəfindən təlim almalıdırlar.

Hətta bu mövzu ilə bağlı efirlərdə aparıcıların, qonaqların mütləq həssaslığı nəzərə alınmalıdır. Çünki hər birimizin evində mövcud olan mavi ekran bir güzgüdür, orada işlədilən hər cümlə, hər fikir vətəndaşın psixologiyasına, maariflənməsinə, biliyinə, savadına, dünyagörüşünə, İQ səviyyəsinə təsir edir. Efirdə maddələrin adını çəkmək olmaz, efirdə şpritslərdən, maddə ilə bağlı digər ləvazimatlardan, əşyalardan istifadəni açıq şəkildə göstərmək qadağandır. Bu fikirlərimi də mən ancaq şəxsi təcrübəmə söykənərək və uzun illərdir bu mövzu ilə bağlı Avropada, Amerikada, Yaponiyada, Kanadada aparılan profilaktik tədbirlərin nəticəsi olaraq bildirirəm.

“Efirlərdən verilən informasiyalara mütləq nəzarət edilməlidir”

- Bəzi eksperlət bildirirlər ki, pis vərdişlərə meyldə kriminal heyranlığın da çox rolu var. Həqiqətən də bu tendensiya çox müşahidə olunur. Necə edək ki, uşaqlarda kriminal heyranlıq əmələ gəlməsin?

- Burada əsas məsələlərdən biri uşaqların ətrafdakı hadisələrlə bağlı aldığı informasiyanın növü və şiddətidir. Bu, vacibdir. Psixologiyada Albert Banduranın “Sosial öyrənmə” nəzəriyyəsi var. Orada Bandura qeyd edir ki, uşaq doğulduğu və mövcud olduğu mühitdə, doğulduğu ailədə də mövcud olduğu mühitdə davranışları birbaşa və dolayı yolla, müşahidə ilə və nümunə götürərək öyrənir. Ona görə, indi informasiya bolluğu, texnolgiyanın inkişafı ön planda olduğu üçün, uşaq beyni müəyyən bir formada o informasiyaları daha intensiv və daha şiddətli, həcm olaraq da daha çox götürür. Analitik olaraq emal baxımından problemlər ortaya çıxdığına görə, uşaq maraq dairəsinə, uşaq beyin funksionallığına uyğun olaraq daha çox mükafata meylli davranışları həyata keçirmək istəyirlər. Mükafata meylli davranış nə ola bilər? Deviant davranış - cinayi davranıça meyllilik, diqqət mərkəzində olmaq, daha çox kriminal düşüncələr və s. Çünki burada bir hegemonluq, özünütəsdiq, “mən də varam” düşüncəsi var. Əsas səbəblərdən biri budur.

Bir daha vurğulayıram ki, efirlərdən verilən informasiyalara mütləq nəzarət edilməlidir. Valideyinlər övladlarını mükafatlandırma – videolara bax, cizgi filminə bax və s. kimi yayındıran məsələlərə yönləndirəndə bu nüanslar nəzərə alınmalıdır.

- Yeri gəlmişkən, Böyük Britaniyada 16 yaşından aşağı uşaqlara sosial şəbəkə məhdudiyyəti gətirilməsi aktual idi. Bildiyim qədər ölkədə onu tətbiq etdilər. Sizcə, bizdə də bunu tətbiq etmək olarmı?

- Ola bilər ki, Avropa mədəniyyəti, Avropa düşüncəsi o coğrafiyanın tələblərinə uyğun olaraq 16 yaşından aşağı uşaqlara sosial şəbəkə məhdudiyyəti tətbiq etmək problem yaratmır. Amma hər coğrafiyanın özünə xas tələbləri var. Əslində, burada bizi maraqlandıran məsələ uşaqların qadağaya yönümlü tərbiyəsi deyil, daha çox demokratik üslübda tərbiyə üsuluna üstünlük verməliyik. Sadəcə olaraq, uşaqlara daha çox zaman ayırmaq, ünsiyyət tələbatlarını ödəmək, fikirlərini öyrənmək, bir şəxsiyyət kimi onlara dəyər verib inanmaq və güvənməyi həyata keçirməliyik. O zaman şəxsiyyət daha yaxşı inkişaf edir. Daha özgüvənli, daha adekvat olur. Özünü qiymətləndirmə daha adekvat formada inkişaf edir. Özünütəsdiqə can atmır, “yox” demə bacarıqları yüksək olur, istəklə mübarizə apara bilirlər. İnsanlara cəmiyyətinə, millətinə, vətəninə daha faydalı bir obraz yüklənir. Yoxsa, 16 yaşına kimi sosial şəbəkələri qadağan etdik, 17 yaşında hansı addımı ataq? Ödənilməyən təlabat və yaxud aqressivliyə meyllilik, stress faktoru, digər psixoloji, nevrotik problem varsa şəxs yenə narkoitkə yaxud cinayətə gedə bilər.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az