London Universitet Kollecinin (UCL) alimləri alkoqol asılılığının müalicəsində DMT (dimetiltriptamin) potensialını araşdıran klinik sınaqlara başlayıblar.
Stopnarkotik.az xəbər verir ki, bu tədqiqat alkoqolizm ilə mübarizədə yeni imkanlar aça bilər.
Təkcə Böyük Britaniyanın statistikası vəziyyətin ciddiliyini göstərir. Bu ölkədə 2022-ci ildə təxminən 10 000 ölüm alkoqol üzündən olub və 2019-2020-ci illərdə təxminən 280 000 alkoqolla bağlı xəstəxanaya yerləşdirilib. Böyük Britaniyada böyüklərin 57%-i ölkənin səhiyyə qurumu tərəfindən riskli hesab edilən səviyyədə spirtli içki qəbul edir və böyüklərin 79%-i ildə ən azı bir dəfə spirtli içki qəbul edir.
Tədqiqatçılar DMT-nin alkoqol asılılığına təsirini öyrənmək üçün hərtərəfli yanaşma hazırlayıblar. Araşdırmada müntəzəm olaraq spirtli içki qəbul edənlər iştirak edir. Bütün könüllülər hərtərəfli tibbi müayinədən keçirilir, onların fərdi xüsusiyyətləri və spirtli içkilərdən istifadə tarixi nəzərə alınır, ilkin psixoloji dəyərləndirmə aparılır.
Eksperimental prosedur bir neçə mərhələdən ibarətdir. Əvvəlcə beynin ilkin vəziyyətini qiymətləndirmək üçün ilkin MRT müayinəsi aparılır. İştirakçılar daha sonra mövzudu alkoqol olan “Withnail and I” və “The Journey” filminin fraqmentlərinə baxırlar. Məqsəd alkoqolla bağlı xatirələri aktivləşdirməkdir. Bunun ardınca DMT və ya plasebo tətbiq edilir, dozalar fərdi olaraq müəyyən edilir. Prosesin ardınca beyin fəaliyyətindəki dəyişiklikləri izləmək üçün təkrar MRT edilir.
Araşdırma boyunca xəstədəki əlamətlər davamlı olaraq izlənilir, müntəzəm psixoloji qiymətləndirmələr aparılır və iştirakçıların subyektiv təcrübələri sənədləşdirilir. Tədqiqatın mühüm hissəsi odur ki, iştirakçı 9 aya qədər müşahidə olunur. Bu müddət ərzində iştirakçılarla mütəmadi olaraq müsahibələr aparılır, spirtli içkilərdən istifadə qaydalarında dəyişikliklər qiymətləndirilir, onların psixoloji vəziyyəti təhlil edilir.
DMT (dimetiltriptamin) insan, heyvan və bitki orqanizmlərində mövcud olan təbii alkaloiddir. O, "ruh molekulu" kimi tanınır və ənənəvi olaraq Cənubi Amerikanın yerli xalqları tərəfindən “ayahuasca” şəklində istifadə olunur. DMT intensiv, lakin qısamüddətli psixi effektlər yaradır.
Tədqiqatçılar DMT-nin bir neçə potensial fəaliyyət mexanizmlərini nəzərdən keçirirlər. Birincisi, DMT beyin çevikliyini artıra bilər ki, bu da yeni sinir əlaqələrinin formalaşmasına imkan verir və potensial olaraq müəyyən edilmiş asılılıq nümunələrini "yenidən yazmağa" kömək edir. İkincisi psixoloji təsirdir – çünki mühüm təcrübə yaradılmalıdır ki, bu dəyişiklik üçün "başlanğıc nöqtəsi" olsun və içkidən imtina etmək üçün motivasiyanı artırsın. DMT-nin serotonin və mükafatlandırma sisteminə bağlı beyin sahələrinə təsirləri də öyrənilir.
Amma psixodeliklərlə özünü müalicə təhlükəli ola bilər, dozalar milliqramla ölçülür və dəqiqlik tələb edir, klinik şəraitdən kənar təsirlər geniş şəkildə dəyişə bilər.
Tədqiqat qrupu gələcək klinik sınaqlar üçün iştirakçıları toplamağa davam edir. Onlar DMT əsaslı dərman hazırlamağı planlaşdırır və alkoqol asılılığı üçün daha effektiv müalicə üsulları yaratmağı hədəfləyirlər. Araşdırmasının nəticələr hələ görünməsə də, müasir neyrotəsəvvür (neyroimaging) üsullarını psixodelik terapiya ilə birləşdirən yanaşmanın özü asılılıqların müalicəsi üçün yeni perspektivlər açır. Qeyd etmək vacibdir ki, potensial effektivliyinə baxmayaraq, DMT-nin hər hansı istifadəsi yalnız mütəxəssis nəzarəti altında tibbi şəraitdə aparılmalıdır.
Stopnarktoik.az