“Asılı insan özünü günahkar yox, xilas olan şəxs kimi hiss etməlidir” – “ONU GÜNAHLANDIRMAQ OLMAZ”

Psixoterapevt İlkin Kazımlı: “Asılı insan özünü günahkar hiss etdikdə içindəki depressiv durumları daha da ağırlaşmağa başlayır və bu, daha çox istifadəyə yönəlir”

“Zərərli vərdiş” dedikdə ağıla ilk növbədə narkotik gəlir. Hansı ki, günümüzdə ən dəhşətli asılılıqlardan biri məhz narkotikdır. Vurduğu zərərin həcminin az, yaxud çoxluğundan asılı olmayaraq, ölkəmizdə digər asılılıq növləri də sürətlə artmaqdadır. Hətta bunlardan iqromaniya (oyun asılılığı) narkomaniyanı da geridə qoyub.

Yeri gəlmişkən, asılılıqların yaranma səbəbi də müxtəlifdir. Məsələn, ailə mühitində sevgi və diqqət çatışmazlığı, sosial təzyiq və qrup təsiri, stress, depressiya və travmatik hadisələr, genetik meyllilik və məqsədsizlik insanı asılılığa yönləndirə bilər. Odur ki, məsələ ilə bağlı psixoterapevt İlkin Kazımlı ilə həmsöhbət olduq.

İ.Kazımlı bildirdi ki, asılılıq yanlız maddə istifadəsi ilə deyil, həmçinin emosional davranış nəticəsində də formalaşır: “Bəzən insan narkotikə deyil, rahatlıq hissinə, diqqətə, yaxud unutmağa bağlanır. Qeyd edim ki, bütün işlərimizdə və həyat prosesimizdə “qızıl orta” deyilən bir anlayış var. “Qızıl orta”nı daim qorumaq lazımdır. Hər bir şeyin artığı ziyandır. Nizami Gəncəvi demiş, bir stəkan artıq su belə, insana ziyan edə bilər. Misal üçün, artıq kitab oxumaq bizi cəmiyyətdən təcrid edir. İdman xeyirlidir, amma artığı ürəyə ziyan verə bilər. Artıq dieta saxlamaq insanları ölümə apara bilər və s. Yəni heç nəyi asılılıq səviyyəsinə salmaq olmaz”.

Psixoterapevt hesab edir ki, günümüzdə ən dəhşətli asılılıq növü narkotik asılılığıdır: “Asılılıqların demək olar ki, hamısı eynidir. Amma ən dəhşətlisi, insana daha çox zərər verən növü narkotikdir. Müalicə istiqamətinə sırf psixoterapevt istiqamətindən baxanda, deyərdim ki, koqnitif davranış terapeyası ilə xəstənin düşüncə və davranışlarını müsbət nümünələrə doğru dəyişmək olur. O cümlədən, qrup terapiyaları zamanı, yəni eyni problemdən əziyyət çəkən insanlar bir araya gələndə bir-birinə daha yaxşı dəstək olurlar. Əlbəttə, bunlar psixoterapevtin nəzarəti altında olur.

İlkin Kazımlı deyir ki, asılı insanlar yersiz suçlamaq yanlışdır:İnsan bilərəkdən və yaxud da bilməyərəkdən hansısa səhvi edibsə, ona günahkardır düşüncəsində yanaşmaq olmaz. Həmin insan özünü günahkar hiss etdikdə içindəki depressiv durumları daha da ağırlaşmağa başlayır və bu, daha çox istifadəyə yönəlir. Hətta içində qisas hissi, ümidsizlik hissi yaranır. Daim ətraf mühit ona dəstək olmalı, onu günahlandırmamalıdır.

Qeyd edim ki, bizim asılılıqdan əziyyət çəkən insanlara yanaşmamız birbaşa koqnitif davranış terapeyası ilə olur. Həmin şəxsi test edirik. Testin nəticəsində baxırıq ki, bu insanda depressiv durumlar hansı dərəcədədir. Depressiv durumların üzərindən yanaşmalar etməyə başlayırıq. Əlbəttə, bu, bir günün işi deyil. Uzun müddət lazım olur ki, həmin şəxs effekt əldə etsin.

Ən vacib məsələlərdən biri də ailəsi ilə münasibətləri öyrənirik. Maarifləndirmə olmalıdır ki, terapiya keçən adam evdə özünü günahkar yox, xilas olan bir insan kimi hiss etsin. Hər zaman qeyd edirəm ki, unutmayın, bu, qurtula biləcəyiniz bir məsələdir, siz xilas ola bilərsiniz və siz günahkar deyilsiniz”.

Jalə FAMİLQIZI