Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Zaman Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Stopnarkotik.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamcısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkil müdafiə çıxışı edib və məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.Müşavirədən qayıdan hakim Novruz Kərimov hökmü elan edərək təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Zaman Zeynalov, davamlı olaraq ailə münasibətləri zəminində arvadı Zeynalova Pərvanə Şahbaz qızını öldürmək qərarına gəlib. Belə ki, o, niyyətini həyata keçirmək üçün bu ilin yanvarın 11-i saat 19 radələrində yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsindəki evinə gəlib. Bu məqamda divanda uzanıqlı vəziyyətdə olan Pərvanə Zeynalova ilə yenidən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə yaranıb. Səbəb isə Zeynalova Pərvanə Şahbaz qızının onu evdə bir kişi kimi qəbul etməməsi olub: "Hər dəqiqə 102 xidmətini yığıb məndən şikayət edirdi. 20 dəfə şikayət edib məndən. Deyirdi sən nə kişisən? Mən 2 dəfə məhkumluq həyatı yaşamışam. Bu sözləri necə qəbul edə bilərdim? Uşaqlara söz deməyə qoymurdu".
Daha sonra təqsirləndirilən şəxs turist bıçağı ilə Pərvanə Zeynalovaya ardıcıl zərbələr endirməyə başlayıb.
İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs nəticədə Pərvanə Zeynalovanın boynundan, çiynindən, kürəyindən, döş qəfəsindən, qulaq arxasından, sol bazu nahiyəsindən ümumilikdə altı ədəd xəsarət yetirərək arvadını qəsdən öldürərək, onu həyatdan məhrum edib.
Zaman Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.