Araşdırma: HANSI DAHA ÇOX ZƏRƏRLİDİR - SPİRT, TÜTÜN YOXSA MARİXUANA?

Get-gedə daha çox ölkələrdə spirt, tütün və marixuana 21 yaşdan yuxarı insanlar üçün əlçatan olur və qanuni sayılır. Bəs bu maddələr sağlamlığa necə təsir edir?

Stopnarkotik.az üç həkimin rəyini təqdim edir.

“Bu üç şeyin – spirt, tütün, marixananın səbəb olduğu riskə görə iri miqyasda müqayisəli sınaqları olmadığı üçün onları zərərə görə sıralamaq çətindir”, deyə Vaşinqton Ailə Təbabəti və Çəkinin Azaldılması üzrə Mərkəzin eksperti Maykl Qlikman bildirir. O əlavə edir ki, istifadə edilən maddənin miqdarı da yan təsirlərə çox təsir edir.

Spirt marixuana və tütündən daha zərərlidir

“Klivlend Klinikası”nın davranış üzrə mütəxəssisi Anand Axil də qeyd edir ki, hər bir insanın ailə kökləri, əvvəlki xəstəlikləri və s-dən qaynaqlanan öz risk faktorları var. Amma adi insana gəlincə o, ən çox zərərli maddənin alkoqol olduğunu, ikinci yerdə isə tütünün durduğunu qeyd edir. “Alkoqoldan istifadə 200-dən çox sağlamlıq problemi və xəstəliyə səbəb olur və orqanizmdki hər bir orqana zərər verir. Spirtli içkilərin qəbulu nəticəsində depressiya, narahatlıq, huşsuzluq, xərçəng, ürək xəstəlikləri, qaraciyər xəstəlikləri və sümük xəstəlikləri yarana bilər. Tütün istifadəsi də ciddi xərçəng, xroniki obstruktiv ağciyər xəstəliyi və ürək-damar xəstəliklərinə gətirir”, deyə həkim Axil qeyd edir.

ABŞ-dakı “Northwestern Central DuPage Hospital” xəstəxanasının baş həkimi Kevin Most isə belə deyir: “Mən mütləq alkoqolu birinci yerə qoyardım. Həddindən artıq spirt bir çox xəstəliyi doğurur. İnsanlar gənc yaşda siqareti dayandırsalar, tütündən istifadənin zərərini böyük ölçüdə kompensasiya etmək olar”.

Həkim Qlikman bununla razılaşmır: “Mənim fikrimcə, bu üçündən ən pis olanı tütündür, çünki o, hətta kiçik miqdarda da heç bir fayda vermir. Tütün, digər şeylər arasında, ürək xəstəliklərinin, xərçəngin və vaxtından əvvəl ölümün artmasına səbəb olur. Digər tərəfdən, spirtli içkilərin az və ya orta həddə faydası, böyük miqdarda isə riski ola bilər”. O, xüsusilə qırmızı şərabın tərkibində antioksidant olduğunu söyləyərək, gündə bir stəkan qırmızı şərabın qan damarlarında iltihabı azalda biləcəyini göstərən araşdırmalara işarə edir. Amma hər üç həkim çətənəni sadalanan maddələrdən ən az zərərli hesab edir. Üstəlik, xəstələrə məsləhətli həcmdə və nəzarət olunan mühitdə kömək edə biləcək bir sıra tibbi çətənə qəbulu proqramları var. Çoxları deyir ki, “çox vaxt çətənə kimyaterapiya keçirən insanlarda iştah gətirən yeganə dərmandır. Bu, xəstələrin kifayət qədər yaxşı qidalanmasını təmin edir”.

Qlikman əlavə edir ki, çətənənin sağlamlığa təsirlərini qiymətləndirmək digər ikisindən daha çətindir. “Mövcud göstəricilər ortaya qoyur ki, çətənə xroniki ağrı, narahatlıq, travma, yuxusuzluq və əzələ xəstəlikləri üçün müalicə planının bir hissəsi kimi tibbi nəzarət altında faydalı ola bilər. Bununla belə, müəyyən psixoloji problemləri daha da gücləndirə, yaddaşa və diqqətə təsir edə bilər. Məlumatlar göstərir ki, beyni hələ tam inkişaf etməmiş gənclər üçün çətənə qəbulunda əlavə risk var”. Bundan başqa, Axil qeyd edir ki, çətənə və ya tütünün təhlükəsiz istifadəsinə dair alkoqolda olduğu kimi heç bir tövsiyə yoxdur. ABŞ Kənd Təsərrüfatı, Sağlamlıq və İnsan Xidmətləri Departamenti göstərir ki, böyüklər spirtli içkiləri normada qəbul edə bilərlər (kişilər üçün gündə iki porsiya qədər, qadınlar üçün bir porsiya).

Qlikman, "Məncə, hər üç maddə, insandan və vəziyyətdən asılı olaraq, kiçik miqdarda olsa belə, sağlamlığa mənfi təsir göstərə bilər", deyə müzakirələrə yekun vurur.

Stopnarkotik.az