AQTA-dan saxta spirtli içkilərlə bağlı XƏBƏRDARLIQ

Yeni illə əlaqədar spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları diqqətli olmağa çağırır.

AQTA-dan verilən xəbərə görə, ölkəmizdə də bayram ərəfəsində qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd faktlarla bağlı ən sərt tədbirlər görülür. Bununla yanaşı, əhalinin də bu məsələyə ciddi yanaşması və diqqətli olması vacibdir.

Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır.