Bakıda səhər saatlarında "Alov Qüllələri" binaları arasında çəkilən ip üstündə gəzən kəndirbaz sakinlərin diqqətini çəkib.
Bununla bağlı sosial şəbəkədə videogörüntü yayılıb.
Məsələnin nə olduğunu bilməyən sosial şəbəkə istifadəçiləri arasında panika yaranıb.
Məsələni araşdırmaq üçün "Alov Qüllələri" ilə əlaqə saxlanılıb.
Qurumun satış və marketinq direktoru Doğu Yaman Oxu.Az-ın sorğusuna cavab olaraq enerji içkisi şirkətlərindən birinin Azərbaycan və Bakının qlobal tanıtımı üçün Dövlət Turizm Agentliyinin dəstəyi ilə reklam çarxı çəkdiyini bildirdi. Onun sözlərinə görə, "ip üzərində akrobatika" səhnəsi videoçarxın bir hissəsi olacaq.
Məsələ ilə bağlı həm də Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətindən kəndirbazlıq səhnəsinin videoçarx üçün çəkildiyi təsdiqlənib.