Gəncə şəhərində alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Stopnarkotik.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentlik əməkdaşları Gəncə şəhərində fəaliyyət göstərən, fiziki şəxs Verdiyev Balakişi Mürsəl oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində planlı yoxlama keçirib. Baxış zamanı müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Belə ki, müəssisədə istehsal edilən alkoqolsuz içkilərin digər istehsalçı şirkətlərə məxsus şüşə butulkalarda qablaşdırıldığı və məhsulların etiketlənməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilmədiyi məlum olub. Həmçinin istehsal sahəsində döşəmə və divar səthlərinin təmirsiz olduğu, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünün təmin edilmədiyi, anbar sahəsinin mövcud olmadığı, butulkaların doldurulma sahəsində soyuducu və metal krantların paslandığı və çirklənmə riski yaratdığı, yuma çanağının, istifadə olunan masa və digər avadanlıqların asan təmizlənə bilən və dezinfeksiya işlərinin aparılmasına imkan verən korroziyaya davamlı materialdan təşkil olunmadığı, obyektin isti su ilə təmin edilmədiyi, işçi heyətin dövri tibbi müayinələrə cəlb olunmadığı və xüsusi geyimlə təmin edilmədiyi müəyyən edilib. Aşkar olunmuş faktlarla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, sexin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.