Türk və dünya mediasında İran prezidentinin qəzaya uğramış helikopterinin yerini Türkiyənin "Akıncı" PUA-sının tapması haqqında materiallar var. Lakin SEPAH-a bağlı olan Telegram kanalı bunun əksini iddia edir.
İddianı olduğu kimi təqdim edirik:
"Səhər duman aradan qalxdıqdan sonra helikopterin qəzaya uğradığı yer Türkiyəyə məxsus PUA deyil, İran helikopteri tərəfindən müəyyən edilib. PUA-nın elan etdiyi yer qəza yerindən 6,5 km aralıda olub".
Qeyd edək ki, hazırda İranın bütün media quruluşları da bu istiqamətdə əks-təbliğat aparırlar. İran rəsmiləri də israrla qeyd edirlər ki, Türkiyəyə məxsus "Akıncı" PUA-sı qəza yerini tapa bilməyib. Lakin bu iddialarını əsaslandıranda fərqli arqumentlər gətirirlər.
İranın dövlət telekanalının jurnalisti isə efirdə belə bir açıqlama verib:
"Türkiyənin pilotsuz təyyarəsi bu ölkənin təklifi ilə prezidentin helikopterinin axtarışı prosesinə qoşuldu. Türkiyə axtarışlarda iştirak etmək təklifini irəli sürdü, İran rəsmiləri bu təklifi araşdırıb razılıq verdilər, ondan sonra Türkiyə PUA-sı axtarışlara qoşuldu.
Eləcə də Rusiya öz helikopterlərini göndərməyi təklif etdi. İranlı məsullar razılıq verəndən sonra Ermənistan ərazisində olan iki rus helikopteri axtarışlara qoşuldu.
Göründüyü kimi, İrana yardıma gələn təkcə Türkiyə deyil, Rusiya da olub. Amma görün Rusiya səsini çıxarır? Türkiyə bir PUA göndərib, o da işini yerinə yetirə bilməyərək geri dönüb, amma Türkiyə mediası və sosial şəbəkləri aləmi başlarına alıblar ki, biz eləyik, biz beləyik!"/musavat.com