Ağcabədi rayonunda toydan bir gün öncə keçirilən məclisdə (ciyəraxşamı - red.) dava olub.
Hadisə rayonun Qiyaməddinli kəndində, kənd sakini Qurban Musazadənin toya hazırlıq məqsədi ilə keçirilən məclisdə baş verib. Qurban Musazadənin qohumu Riçay ailəsi ilə bağlı məclisə gəlib və mağarda əyləşib. Həmin vaxt onlardan qarşı stolda əyləşən Tohid adlı kənd sakini dostları ilə spirtli içki qəbul etdikdən sonra söyüş söyməyə başlayıb. Həmin vaxt Riçay onlara yaxınlaşaraq məclisə ailəsi ilə gəldiyini bildirib və onlardan söyüş söyməməyi xahiş edib. Sərxoş vəziyyətdə olan Tohidin xahişinə baxmayıb yenidən söyüş söyüb və nəticədə Riçayla Tohid arasında mübahisə yaranıb. Məclis iştirakçıları mübahisənin davaya keçməsinə imkan verməyiblər və onlar məclisi tərk ediblər. Riçay mağardan çıxarkən ailə üzvləri ilə söhbət zamanı Tohidin ünvanına nalayiq sözlər deyib və bunu həmin vaxt mağarın yanında olan, Tohidin qardaşı Nahid eşidib. Nəticədə bu dəfə Nahidlə Riçay arasında mübahisə yaranıb.
Məclis dağılandan sonra Riçay Tohidə zəng vuraraq nə üçün onun ailəsinin yanında söyüş söydüyünü soruşub. Tohid yenidən onu söyüb və onlar söhbəti həll etmək üçün görüşüblər.
Söhbət zamanı Riçay Tohidi vurub. Hadisə yerinə gələn Nahid Riçaya hücum edib. Bu vaxt Riçay əlindəki ağacla Nahidin baş və bədən nahiyələrinə bir neçə zərbə endirib hadisə yerindən qaçıb. Zərbələrin təsirindən yerə yıxılan Nahid ayağa duraraq Riçayın arxasınca qaçıb və ona çataraq cibindəki bıçaqla ona iki zərbə endirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Nahid 3 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, şərti cəza verib./oxu.az