ABŞ Çini fentanil və prekursorların qeyri-qanuni dövriyyəsini asanlaşdırmaqda günahlandırır və bir sıra əsas iddialar irəli sürür. Vaşinqtonun iddiaları kəşfiyyat məlumatlarına əsaslanır və ittiham da üç istiqamət üzrə formalaşdırılıb.
Birincisi, ABŞ kəşfiyyat orqanları prekursorların Çindəki qanuni kimya zavodlarında istehsal olunduğunu iddia edirlər. Bu müəssisələr mahiyyətcə iki istiqamətdə - həm rəsmi, həm də qeyri-rəsmi fəaliyyətlə məşğul olurlar. Eyni zamanda, ABŞ-ın fikrincə, beynəlxalq təzyiqdən qaçmaq və kimyəvi maddələrin qeyri-qanuni ixracına görə rəsmi olaraq məsuliyyət daşımamaq üçün onlara dövlət nəzarəti qəsdən zəiflədilir.
İkincisi, Vaşinqton Pekini fentanil komponentlərinin ixracına maliyyə dəstəyi verməkdə ittiham edir. Rəsmi Çin qaydalarına görə, kimyəvi maddələr ixrac edən müəssisələrə vergilərin qaytarılması təmin edilir ki, bu da bu cür fəaliyyətləri daha sərfəli edir. Buraya qadağan olunmuş prekursorlar da daxildir. Bundan əlavə, dövlət subsidiyaları zavodları istehsalı artırmağa təşviq edir, çünki ixrac daha gəlirli olur.
Üçüncüsü, ABŞ-ın xüsusi komitəsi fentanil ixracına Çinin dolayı dəstəyinə işarə edir. Kəşfiyyat orqanlarının məlumatına görə, prekursorların istehsalı və ixracı ilə məşğul olan bəzi Çin kimya şirkətləri iqtisadiyyata töhfələrinə görə dövlət qrantları və hətta mükafatlar alıblar.
Bundan əlavə, ayrı-ayrı əyalətlərin hakimiyyət orqanları onların fəaliyyətini təşviq etdi və bəzi hallarda Çin hökumətinin özü belə bu kimya şirkətlərinə qismən və ya tam sahib oldu.
Bu səbəbdən ABŞ hesab edir ki, Çin nəinki fentanilin qeyri-qanuni istehsalının və dövriyyəsinin qarşısını almır, əksinə, onu dövlət səviyyəsində faktiki olaraq dəstəkləyir və bu, bu təhlükəli maddənin, o cümlədən ABŞ-da kütləvi şəkildə yayılmasına gətirib çıxarır.
Ülviyyə