Rusiyanın Tomsk şəhərində Qazaxıstan əsilli 45 yaşlı şəxsin məhkəməsi keçirilib. Həmin şəxs 15 il əvvəl adam öldürməkdə təqsirli bilinib.
Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, 2008-ci ilin noyabrında 27 yaşlı kişi Tomsk şəhərinin Sergeya Lazo küçəsində yerləşən “Avanqard” kabab kafesinin yaxınlığında olub. Tanımadığı şəxslə münaqişə zamanı onun ürək nahiyəsinə deşici əşya ilə bir neçə dəfə zərbə endirib. Sonra isə cinayət yerindən qaçıb. Şahidlər qurbanı xəstəxanaya aparıblar, o, qısa müddət sonra orada dünyasını dəyişib.
Qatil beynəlxalq axtarışa verilib. Həmçinin onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı məlum olub ki, o, əvvəlcə Rusiyanı tərk edərək Azərbaycanda yaşayıb, daha sonra Qazaxıstana köçüb.
O, yaşayış icazəsi almaqla bağlı Qazaxıstanın daxili işlər orqanlarına müraciət edəndə polis onun beynəlxalq axtarışda olduğunu müəyyən edib. 2022-ci ilin sentyabrında cinayətkar Qazaxıstanın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Rusiyaya, Tomsk şəhərinə təhvil verilib və burada həbs edilib.
Tomsk şəhərinin Oktyabrski rayon məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayətdə təqsirli bilinib. O, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.