Abşeron polisinin qandalladığı narkotacirlər... - TANINMIŞ RƏSSAM, MƏŞHUR APARICI... / VİDEO

Dünən, sentyabrın 1-də Abşeron Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirib. Bu zamanı ələ keçən şəxslər “komanda heyəti” baxımından digərlərindən fərqli olub. Belə ki, əməliyyat zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı Nizami Hüseynov, 24 yaşlı Azər Məmmədov, 51 yaşlı Hikmət İsmayılov, həmçinin əvvəllər məhkum olunmuş - 42 yaşlı Balaqardaş Hacıyev və 34 yaşlı Həmid Mahmudov saxlanılıblar.

Rəsmi məlumata görə, həmin şəxslərdən ümumilikdə 5 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin, müxtəlif adda narkotik vasitə, 54 ədəd güclü təsiredici hesab edilən pregabalin həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanıb.

Və həmişəki kimi, narkoticarətdə ənənəvi deyim - “sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları” hekayəsi...

Bəllidir ki, son zamanlar narkotiklə əlaqədar saxlanılanlar başqa izah, yaxud bəhanə bilmirlərmiş kimi, “iranılı narkotik satan” hekayəsini danışır, sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildirirlər. Hansı ki, bu məsələnin özündə belə, müəyyən şübhəli məqamların olduğu haqda dəfələrlə yazmışıq...

Bu dəfə isə diqqətimizi cəlb edən başqa bir məsələ oldu. Abşeron polisi tərəfindən saxlanılanlardan biri - Nizami Hüseynov "TikTok" platformasında “rəssam Nizami” adı ilə geniş auditoriyaya malik şəxs kimi tanınır. Qandallanan digər şəxs - Həmid Mahmudov isə ölkə televiziyalarından birinin aparıcısıdır...

Yəni bu iki narkokuryer – rəssam Nizami ilə aparıcı Həmid zatən sosail şəbəkədə tanınan şəxs olduqlarından, virtual məkanda xeyli geniş izləyici kütləsi, əhatə dairələri var. Üstəlik, tanınmışlıq imtiyazı səbəbindən real məkanda da xeyli tanış - yaxın adam çevrəsinə malikdirlər. Bu cəhət onlara “şıdırğı” narkotik alveri üçün şərait yaradır. Eləcə də onların “iranlı tərəfindən narkokuryerliyə cəlb olunduqları” bəhanələri də “keçərli və aktualdır”. Çünki bu fakt bir çox rəsmilərin də işinə yarayır...

Əlbəttə, bütün hallarda digərləri kimi, haqqında bəhs etdiyimiz bu narkokuryerlər də mühakimə olunmalıdırlar. Onların törətdikləri əməl faktiki olaraq narkotik satmaqdır, çünki kuryer özü ilə tərəzi gəzdirmir. Ona görə, Abşeron polis əməkdaşlarının növbəti uğurlu əməmliyyatı zamanı ələ keçən narkotacirlər, heş şübhəsiz, “optovoy” satıcılardır.

Bundan başqa, bir daha qeyd edək ki, “iranlı” məsələsi də hər zaman olduğu kimi aktualdır. Hansı ki, hər əməliyyatda təkrarlanır, amma heç bir halda ələ keçmir. Necə deyərlər, bütün hallarda sürüşüb əldən çıxırlar. Bu səbəbdən, bir daha o məsələyə qayıdırıq ki, artıq peşəkarlaşmış “yerli narkokuryerlər” və “yerli narkoalverçilər”in uydurduqları “iranlı narkobaron” məsələsi inandırıcı gəlmir. Çünki heç bir iranlı şəxsən tanımadığı, virtual olaraq əlaqə saxladığı hansısa kuryerlə əməkdaşlığa girməz və dəyəri yüzminlərlə manat olan narkotiki ona etibar etməz. Deməli, “iranlı narkotacirlə işbirliyi” məsələsi əksər hallarda sadəcə bəhanə kimi ortaya atılır və yerli baronların üzərinə "sirr pərdəsi" çəkmək, onların hədəfdən yayındırılması məqsədi güdür. Ola bilər ki, müyyən hallarda kuryerlər bundan xəbərsiz olsun, hansısa iranlının “malını” daşıdıqlarını güman etsinlər. Amma, çox güman ki, bu məsələ sadəcə diqqəti yerli narkotacirlərdən yayındırmaq üçün ortaya atılıb. Əlbəttə, ay ərzində 1-2 iranlı faktı mümkün ola bilər, lakin böyük anlamda bu haqda danışmaq absurddur.

**

Nizami Hüseynov və Həmid Mahmudov

Yeri gəlmişkən, Abşeron polisi tərəfindən ələ keçirilən narkotacirlərlə bağlı rəsmi açıqlamada “əvvəllər məhkum olunmuş” 42 yaşlı Balaqardaş Hacıyevin və 34 yaşlı Həmid Mahmudovun adı yanaşı çəkilir. Yəni 42 yaşlı Balaqardaş Hacıyevin artıq həbsxanadan narkoticarətlə ya təcrübəsi var, ya tanışlığı və sözsüz ki, əlaqələri. Bu da onu göstərir ki, həbsxanalarımız heç də islah yeri olaraq özünü doğrultmur, əksinə ora düşən məhkumlar içəridə bilmədikləri vərdiş və bacarıqlara yiyələnir, cinayət dünyası ilə “dərin əlaqələr” qurur və bu sahədə daha da peşəkarlaşırlar. Cəzaçəkmə müəssisəsindən çıxandan sonra da “təmiz dünya”nın üzvlərini kriminal dünyaya cəkirlər. Elə narkoticarət şəbəkəsinin orta həcmli əməkdaşlarının -  narkokuryerlərin, narkoalverçilərin uydurduqları “tanımadıqları iranll narkotacir – iran vətəndaşı” nağıllarının baş qəhrəmanı həbsxana ilə çöl dünya arasında narkotrafiki, ticarəti yönəldən şəxslərdir, sadəcə izlərinə heç cür düşülməsin deyə İrandan narkotik ötürən “iran vətəndaşı” altında gizləniblər.

Və ən əsas məqam. Aparılan mübarizəyə baxmayaraq, narkoticarətin qarşısının kəsilə bilmədiyi, əksinə daha çox alovlanması, cövlan etməsi onu deməyə əsas verir ki, əməliyyatlar gedişində sadəcə pərakəndə kuryerlər və kiçik alverçilər polisin əlnə keçir. Bu əməliyyatda isə artıq 5 nəfərdən ibarət qruplaşma saxlanıldı, belə demək olarsa, “ilişdi”. Bu da göstərir ki, narkoticarət artıq çoxdan “çətələşib”. Yəni narkoticarətin başında duranlar prosesi mobilizasiya ediblər, yaxşı təşkilatlanıblar. Hüquq-mühafizə orqanları bu narkoticarət çətəsini çökdürməyincə, onun içindəki “böyük statuslu baronlar” qandallanmayınca, narkomaniya və narkoticarətə qarşı uğurdan danışmaq yersizdir. Bax, elə dünənki əməliyyatda tutulmuş “rəssam”, “aparıcı” və keçmiş məhkum kimi. Bu o anlama gəlmir ki, həmin bu "rəssam", "aparıcı" kriminal dünyanın “böyük balıqları”dır. Amma onlar yaxşı bilirlər ki, ətraflarındakı nə qədər adama narkotik satıblar, nə qədər adamı narkomaniya bataqlığına salıblar və hansı “narkobaron” üçün işləyiblər...

 

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az

**

**

 https://www.tiktok.com/@ressam.nizami/photo/7511056409962859794?is_from…