ABŞ İrana müdaxiləyə hazırlaşır? - Dünya dəhşətli müharibənin astanasında...

“ABŞ prezidenti Co Bayden İrana hücum etmək haqda düşünür. Senator Lindsey Graham və onun keçmiş həmkarı Cozef Liberman onu bu qərarı verməyə sövq edirlər”.

Bu barədə Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.

Onun sözlərinə görə, bu adamlar illərdir belə istəyi dilə gətirirlər, indi isə şəraitin yetişdiyini düşünürlər: “Hesab edirlər ki, Bayden Administrasiyası bunu edə bilər. Xüsusilə Ağ Evdə İrana hücum etməkdə maraqlı olan çoxsaylı şəxsin olması bunu stimullaşdırır. ABŞ siyasi elitasında İranla müharibənin tərəfdarları çoxdur, lakin onlar dərk etmirlər ki, Vaşinqtonun bu addımı Suriya, Türkiyə və Rusiyanı da münaqişəyə cəlb edə bilər. Bu ölkələr İranın məhv edilməsini səssiz izləməyəcək”.

Pentaqonun keçmiş rəsmisinin sözlərini şərh edən Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun baş elmiş işçisi Vladimir Vasilyev bir neçə amilə diqqət çəkib.

“Amerikalılar düşünür ki, İrana qarşı hərbi əməliyyatlar uğurlu olarsa, Tehranın nüvə proqramına çıxış perspektivləri sıradan çıxacaq. Bu onların əməliyyatda əsas marağıdır. Kəşfiyyat məlumatlarına görə, İran sürətlə nüvə klubuna üzv olmaq istiqamətində irəliləyir. İkinci vacib məqam odur ki, İran ciddi iqtisadi ziyana uğrayarsa, Livandakı "Hizbullah" kimi proksi qüvvələri maliyyələşdirə bilməyəcək. Üçüncüsü, Vaşinqton İran daxilində sabitliyi pozmaq və İsrailin “məhv edilməsi planı”nı sıradan çıxarmaq istəyir”, - o deyib.

Lakin rusiyalı mütəxəssis ABŞ-ın İranla müharibədən çəkindiyini də vurğulayıb: “Hətta Obamanın dövründə də ABŞ İranla müharibədən qaçırdı. Çünki bu, Əfqanıstan və İraq müharibəsi ssenarisinin davamı olacaq, eyni zamanda, İranla müharibə III Dünya müharibəsinə səbəb ola bilər. Həm Çin, həm Rusiya İrana dəstək verə bilər. Vaşinqtonda qorxurlar ki, müharibə olarsa, İran nüvə silahından da istifadə edə bilər. İranın uran bombası yox, plutonim bombası yaratdığına dair sübutlar var. Amerika kəşfiyyatı Şimali Koreyanın sınaqdan keçirdiyi plutonium bombasının İrana məxsus olduğunu və Tehranın sifarişi ilə edildiyini düşünür. Buna görə İrana müdaxilə nüvə müharibəsi vəziyyəti yarada bilər”./publika.az