ABŞ Ermənistanı Rusiyanın “caynağından” çıxarır – BİRGƏ HƏRBİ TƏLİMLƏRİN KREMLƏ VERDİYİ SİYASİ MESAJ

Ermənistanda ABŞ hərbçilərinin iştirakı ilə “Qartal tərəfdaş 2024” adlı birgə təlimlər keçirilir. Bu təlimlərin açılışını ABŞ və Ermənistan arasında “yeni strateji müttəfiqliyi” vurğulamaq üçün çox təmtəraqla ediblər. Təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan ilə ABŞ səfiri Kristina Kuin və başqaları iştirak ediblər.

Təlimlərin 2024-cü il iyulun 15-dən iyulun 24-dək keçirilməsi nəzərdə tutulub. Prosesə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qüvvələrinin, Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunub. Ermənistan müdafiə nazirliyinin açıqlamasına görə, təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübənin mübadiləsi, o cümlədən erməni bölməsinin döyüş hazırlığının artırılmasıdır.

Ən maraqlısı odur ki, bundan əvvəl Vaşinqton ABŞ və Gürcüstan arasında keçirilən “Layiq tərəfdaş” birgə hərbi təlimlərini rəsmi olaraq “qeyri-müəyyən müddətə təxirə salaraq” qalmaqallı şəkildə ləğv etmişdi. Rəsmi versiyaya görə, bu, “ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsi” ilə əlaqədar edilib. Pentaqon Gürcüstanla təlimlərin ləğv edilməsinə səbəb kimi Gürcüstan hökumətinin “ABŞ və digər Qərb ölkələrinə qarşı saxta ittihamları” olduğunu irəli sürüb.

Bununla belə, “yalan ittihamlar” yox idi. Gürcüstan hakimiyyəti açıq şəkildə bəyan etdi ki, ABŞ və amerikapərəst QHT-lərin təmsil etdiyi Qərb Gürcüstanın daxili işlərinə kobud müdaxilə edib, iki dəfə hakim “Gürcü Arzusu” partiyasına qarşı çevriliş etməyə cəhd edib. Bundan başqa, “Gürcü Arzusu” ABŞ-ı Gürcüstana təzyiq göstərməkdə, faktiki olaraq onu Ukraynadakı müharibənin bir hissəsi kimi Rusiyaya qarşı “ikinci cəbhə” açmağa məcbur etməkdə ittiham edib. “Gürcü arzusu” deyir ki, “bu müharibə kiçik Gürcüstan dövləti üçün ölümcül olacaq və ABŞ-ın yardımı Ukraynaya indiki yardımdan daha “limitli” olacaq”.

Və qeyd edək ki, 2008-ci ildə Rusiya ilə müharibədə Gürcüstan ABŞ-dan çox “zəif” dəstək aldı, yüzlərlə şəhid verdi, minlərlə yaralı və yeni qaçqın “nəsibi oldu”, əraziləri işğala uğradı. Gürcüstan anlayır ki, ikinci dəfə Rusiyanın “dişlərinə keçmək” daha fəlakətli olacaq.

Gürcü tərəfinin fikrincə, ABŞ Gürcüstanla münasibətlərdə birgə hərbi təlimlərdən ona görə imtna etdi ki, Gürcüstanın bu qəbildən müharibələrdə “istehlak materialı” və “tələdəki yem” rolunu oynamaq istəmədi və bu Vaşqintonun xoşuna gəlmədi. Ermənistan isə əksinə, hələ də formal olaraq Rusiyanın “müttəfiqi” olmasına və hətta KTMT-dən formal olaraq çıxmamasına baxmayaraq, ABŞ-la böyük həvəslə təlimlər keçirir və bu amil nə Moskvanı, nə də Vaşinqtonu qıcıqlandırmır. İrəvan-Moskva-Vaşinqton üçbucağının müəmmalı rəsmi mənzərəsi budur ki, Ermənistan Rusiyaya açıq şəkildə xəyanət edir. Bu mənzərədən irəli gələn nəticə budur ki, İrəvan Rusiyanın əsas geosiyasi düşməni ABŞ-ın hərbi müstəvidə tərəfini saxlayır. Digər tərəfdən, yaxın vaxtlara qədər Rusiyanın “düşmən”i sayılan Gürcüstan isə ABŞ-ın maraqları naminə onunla mübarizə aparmaq istəmir.

Yəni, başqa sözlə desək, əgər Ermənistan ABŞ-la “hərbi müttəfiqliyini” Gürcüstandan qat-qat canfəşanlıqla nümayiş etdirirsə, deməli, Cənubi Qafqazda əsas anti-Rusiya qüvvəsi kimi Gürcüstanı əvəz etməyə razıdır. Və indiki erməni-amerikan hərbi yaxınlaşmasının məntiqinə görə, belə çıxır ki, Ermənistan regionda “anti-Rusiya yumruq” rolunu öz üzərinə götürməyə razıdır. Axı, ABŞ heç vaxt öz qüvvələrini və resurslarını kiçik ölkələrə hərbi yardım üçün əvəzinə heç nə almadan havayı əsla sərf etmir. Bu yardım və bu təlimlər daha sonra “cilalanmalı” olacaq və nələrdəsə işə yarayacaq. Amma ABŞ Ermənistan ordusunu NATO müttəfiqi Türkiyəyə qarşı silahlandırmayacaq və təchiz etməyəcək. Azərbaycana qarşı böyük müharibə həm də avtomatik olaraq Türkiyə ilə hərbi qarşıdurma deməkdir. Amma Ermənistanın gələcəkdə “sərhəddə yeganə dostluq nöqtəsi” olan İrana qarşı ABŞ-ın tərəfində İrana qarşı döyüşüb-döyüşməyəcəyi sualı açıq qalır. Belə çıxır ki, ABŞ və Qərb (ilk növbədə Fransa) Ermənistan ordusunu Rusiyaya qarşı silahlandırır və hazırlayır. İstisna etmək olmaz ki, ABŞ İrəvana qoyduğu hərbi sərmayəni Azərbaycanla Türkiyəyə qarşı taraz qismində, Rusiya ilə yaxın gələcəkdə Çinin əleyhinə qurula biləcək pərdəarxası anlaşma ehtimalı, eləcə də yenə Çinə qarşı İranı ikili oyuna cəlb etmə variantı kimi istifadə edə bilər.

Ermənistan üçünsə  hərbi müstəvidə ABŞ-ın “qoltuğuna girmək” bu 4 cinaha qarşı zəmanət məqsədi daşıyır. Belə təəssürat yaranır ki, Gürcüstanin ABŞ-ın “gözündən düşməsi”ndə İrəvanla yanaşı gürcü pasportu altından gizlənmiş ermənilərin də zəhməti böyükdür. Və ümumiyyətlə Gürcüstanın nəinki ABŞ-la, elə qonşusu olan Azərbaycanla zaman-zaman münasibətlərinin pozulması cəhdlərində öz vətəndaşı olan erməni kökənlilərin rolu danılmazdır. Bu, başqa bir təhlükəyə gətirib çıxarır – erməni milli tərkibli beşinci kolonunun iştirakı ilə Gürcüstanda vəziyyətin sabitliyi pozulduğu halda, hazırda Fransanın intensiv silahlandırdığı və ABŞ-ın “yoğurub-yapdığı” Ermənistan ordusunun silahlı müdaxiləsi kifayət qədər mümkün versiyadır. Və elə bir məqamda ki, ABŞ Gürcüstana hərbi yardımı dayandırıb. ABŞ-ın missiya vəzifəsi tapşırdığı erməni qoşunlarının Gürcüstana yeridilməsi elə də fantaziya deyil. Bu, istənilən bəhanə ilə mümkündür, çünki Samtsxe-Cavaxetiyada əvvəllər “rusiyayönlü” olan erməni separatçılıq indi sürətlə qərbyönümlü olur. Bu sepataçılıq Gürcüstana da düşmən münasibət bəsləyir. Həm də çoxdan. Burada gürcü hökumətinin İranla əlbir olub soydalarımızı fars molla ideologiyasının və narkotikin əliylə saldığı “özünüməhv” prosesini və erməni separatçılığının Gürcüstanda da azərbaycanlılara qarşı işə düşmə ehtimalını qeyd etmək lazımdır.   

Gürcüstanda vəziyyətin sabitliyi pozulacağı təqdirdə Ermənistan ordusu “Cavax ermənilərinin köməyinə gələ bilər”. Hazırda Ermənistanın Gümrü şəhərində faktiki blokadadakı hərbi bazası və Cənubi Qafqazda maraqları olan Rusiya da o zaman müdaxilə edəcək. Rusiya Federasiyası “hərbi dəhliz”lə Gürcüstan ərazisindən keçərək Gümrüdəki eyni bazaya gedə bilər, çünki onun qoşunları işğal olunmuş Samaçablo ərazisində Tbilisiyə gedən magistralın cəmi yarım kilometrliyində artıq “hazır vəziyyətdədir”. Gürcüstan, sadəcə olaraq, Rusiya ilə Qərb arasında böyük müharibəyə “sürüklənəcək” və bu, Gürcüstan dövlətçiliyinin tamamilə məhvinə gətirib çıxara bilər. Qərbin tərəfində iştirak edib gürcü torpaqlarına iddialı olan ermənilər isə gürcü əraziləri ilə belə iştiraka görə onlara “dolya” tələb edəcəklər. Bu əslində Gürücstanın bölünməsi deməkdir və bundan ölkənin bütün əhalisi “pay alacaq”. 

Rusiya isə hadisələrin bu inkişafından daha bir zərbə alacaq, hansı ki, ona bu məqamda “ikinci cəbhə” lazım deyil. Düzdür, gələcəkdə Moskva ilə Pekininn arasının açılması versiyasında ABŞ-ın ona hansısa kömək etmək ehtimalı olsa belə, Kremlə qulağının dibində “qarovul” lazım deyil, bu onun sərbəst manevr arealını daraldacaq. Buna görə də ruslar indi düşünməlidirlər ki, onlar əsrlər boyu  erməni millətçilərinə dəstək verməklə, Ermənistanı qidalandırıb təmin etməklə, ordusunu silahlandırmaqla, yad ərazilərin işğalına kömək etməklə düzgün iş görüblərmi? Necə deyərlər, bir el məsəlində deyildiyi kimi, Mosksva papağını qarşısına qoyub yaxşı-yaxşı göür-qoy etməlidir.

Ülviyyə ŞÜKÜROVA