“Bakı Pressklub”-un rəhbəri Arif Əliyev müsahibəsində ABŞ ilə Ermənistan arasında imzalanmış sazişin regiona, Rusiya - Ermənistan əlaqələrinə, eləcə də Bakı - İrəvan münasibətlərinə təsiri, sülh danışıqlarının perspektivi, Ermənistanda daxili vəziyyət və s. barədə sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Arif bəy, bir gün əvvəl Amerika Birləşmiş Ştatları və Ermənistan arasında strateji saziş imzalandı. Əksər ekspertlər bu addımın bir çox parametrlər üzrə regionda vəziyyətə təsir edəcəyini qeyd edirlər. Prezident İlham Əliyevin 7 yanvarda televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı vurğuladığı şərtləri göz önünə gətirsək, bu sazişin təsirlərini necə qiymətləndirirmək olar?
- Hər halda, ən azı son illərin təcrübəsi onu göstərir ki, ciddi bir təkan olmadan Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil. Sənəd də hazırdır, dəfələrlə olub ki, ortada olan narazılığı aradan qaldırmaq imkanları olub, amma o təkan olmayıb. Ancaq indiki şəraitin Ermənistan ilə Azərbaycan üçün müsbət özəllikləri var. Tərəflərdə hələ də əlavə nələrinsə əldə edilə biləcəyi təsəvvürü var.
Ermənistanda bu, daha çox ondan ibarətdir ki, münaqişə Ermənistanın siyasi orientasiyasının dəyişməsində həlledici rol oynayır. Bu da onlar üçün həyati əhəmiyyətə malikdir. Azərbaycan isə düşünür ki, hələ əldə edə biləcəyi şeylər çoxdur. Bunu başa düşmək üçün telekampaniyaların hava proqnozları proqramına baxmaq kifayət edir ki, orada hansı coğrafi məkanlarla bağlı hava məlumatları verilir. Bu kiçik elementlər hamısı idarə olunan müəyyən istəklərdən xəbər verir.
Amma indi bu strateji sənədin ortada olması vəziyyəti xeyli dəyişir və onu göstərir ki, Amerika həmin təkanverici rolda çıxış etməyə hazırdır. Ona görə düşünürəm ki, prosesi sürətləndirən hadisələr baş verə bilər.
- Bu sənəd bir çox sahələri əhatə edir. Xüsusən təhlükəsizlik sahəsində ABŞ-Ermənistan əməkdaşlığının olacağını görürük. Bura həm də sərhəd təhlükəsizliyi məsələsi daxildir. Məlumdur ki, Ermənistan sərhədləri Rusiya tərəfindən qorunur. Bu, geosiyasi ziddiyyətləri dərinləşdirməyəcəkmi? Rusiyanın Ermənistana münasibətində yeni bir situasiya yarana bilərmi?
- Vaxtilə ABŞ Azərbaycana da belə bir sənəd imzalamağı təklif etmişdi. Həmin vaxt Azərbaycan bu təklifə isti münasibət göstərməmişdi. Baxmayaraq ki, Azərbaycan üzərindən bir çox strateji təhlükəsizlik məsələləri həll olunub. Məsələn, Əfqanıstanla bağlı məsələni demək olar. Azərbaycan buna elə bir meyl göstərməmişdi, çünki belə bir sənəd ortada olsaydı, 2020-ci ildəki 44 günlük savaşın olub-olmayacağı böyük sual altına düşərdi. İndi Azərbaycan bu məsələni həll edib, öz ərazi bütövlüyünü bərpa edib. Bu baxımdan, ABŞ ilə Ermənistan arasındakı bu strateji razılaşmanın bizim üçün elə də böyük təhlükəsi yoxdur. İndi Azərbaycan özü də ABŞ ilə eyni sənədi imzalamağa hazırdır. Məncə, Amerikanın burada maraqları da var. Çünki Fransanın regiondakı rəqsi yaxşı alınmadı, istədikləri variantlar, versiyalar işləmədi. Hazırda Amerika ilə Avropanın arasında yanaşma tərzində və bütövlükdə maraqlarda fərqlər üzə çıxmaqdadır. Əlbəttə, mane olan məsələlər var. Məsələn, insan haqları ilə bağlı. Amma məncə, bu məsələlərin üstündən keçmək olar. Dəfələrlə biz bunun şahidi olmuşuq. Digər tərəfdən, artıq geosiyasi orientasiya məsələsi var. Azərbaycan öz orientasiyasını müəyyən edib.
- Orientasiya dedikdə, indi haradayıq?
- Əslində, Qərbdəyik. Amma çox ehtiyatlı davranırıq. İllərdir ki, Azərbaycan bu siyasəti yürüdür. Bəli, müəyyən qısa dövrlər olmuşdu ki, orada dəyişikliklər baş verirdi, amma yenidən tarazlığa qayıdırdıq. Bu gün də elə davam edir. Dünyada ikinci bir dövlət yoxdur ki, onun həm Rusiya ilə, həm İranla bu qədər böyük sərhədi olsun. Ona görə bizlə başqalarını müqayisə edəndə ehtiyatlı olmaq lazımdır. Amma biz əslində Ermənistanın geosiyasi seçiminin üstünlüklərini görürük və görəcəyik. Bu günlər ABŞ-nin “The New York Times” nəşrində çox maraqlı bir məqalə yayımlanmışdı. Məqalədə yazılırdı ki, Ukrayna - Rusiya məsələsində Tramp istədiyi nəticəni əldə etməyə bilər. Yəni, biri var sözü deyəsən, biri də var onu həyata keçirəsən. Qeyd olunurdu ki, Rusiya - Ukrayna böhranından sonra ABŞ-yə ən çox siyasi divident gətirəcək məsələ Azərbaycan - Ermənistan münasibətlərinin həll olunmasıdır. Bir addım qalıb və sadəcə, o addımı atmağa kömək etmək lazımdır. Bunun ABŞ üçün böyük üstünlükləri olacaq.
- Rusiya Ermənistanın Qərbə inteqrasiya çərçivəsində atdığı addımlara çox kəskin münasibət bildirib. Məlumdur ki, yanvarda parlament Ermənistanın Avropa İttifaqına üzvlük müraciətini rəsmiləşdirib. İkincisi, Amerika ilə imzalanan strateji sazişdir. İrəvan paralel olaraq KTMT, Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqında qalmaqda davam edir. Sergey Lavrov dedi ki, artıq Ermənistan konkret seçim etməlidir. Biz yaxın vaxtlarda Rusiya-Ermənistan münasibətlərində daha dərin böhranı müşahidə edə bilərikmi?
- Rusiya - Ermənistan münasibətlərində böhran əslində mahiyyət etibarilə ən dərin nöqtəsindədir. Söhbət ondan gedir ki, Ermənistan bugünkü baxışına görə yeganə çıxış yolunu Qərbə inteqrasiyada görür. Əsas istəyi Rusiyadan aralanmaqdır. Əlbəttə, əgər qarşısını kəsən iqtisadi məsələlər olmasa idi, Ermənistan çoxdan bunu həll etmişdi. Ermənistan real olaraq nə KTMT-də, nə digər MDB toplantılarında var, nə də Rusiya ilə xüsusi dialoqlar aparır. İndi biz deyirik ki, Ermənistan Rusiyaya bu dərəcədə bağlıdır və sair. Ermənistanın iqtisadiyyatı nə böyük iqtisadiyyatdı ki, lazım gələndə onun istiqamətini dəyişə bilməyəcəklər? Yəni, hesab etmirəm ki, bu, həll olunması mümkün olmayan məsələdir. Söhbət ancaq ondan gedir ki, hansı mərhələdə Avropa və Amerika kifayət qədər özlərini güclü hiss edəcəklər ki, Ermənistana bunun əvəzini ödəsinlər, Rusiyanın digər təzyiqlərini neytrallaşdıra bilsinlər. Mən təsəvvür etmirəm ki, yaxın bir dövrdə Ermənistan geosiyasi seçimini dəyişsin. Amma söyləmək çətindir ki, bu regionda yaxın vaxtlarda nələr baş verəcək. Çünki bizim bu gün hesaba almadığımız digər hadisələr, digər münaqişələr də baş verə bilər. Məsələn, İranda hansısa bir dəyişiklik ola bilər. Suriya məsələsində hansı istiqamətdə yol alınacağı bəlli deyil və s.
- ABŞ - Ermənistan strateji sazişi Bayden administrasiyasının son günlərində imzalanıb. Sirr deyil ki, Demokratlar buna xüsusi təşəbbüs göstəriblər. O da məlumdur ki, yanvarın 20-də fəaliyyətə başlayacaq Respublikaçıların xarici siyasətində, xüsusi ilə postosvet regionu ilə bağlı siyasətində fərqlər var. Belə olan halda sazişin işlək olub-olmaması aktuallaşır...
- Amerikalıların özlərinin rəylərinə görə, bu, gedən administrasiya ilə gələn administrasiya arasında ən azı bir-biri ilə məlumatlandırılmış və ya razılaşdırılmış məsələlərdən biridir. Çox ehtimal ki, öz- özlüyündə bu strateji saziş hər hansı bir iqtisadi mənada və yaxud hansısa istiqamətdə praktik güclənmə məsələsində ABŞ-yə nəsə vermir. Burada digər ölkələrə, konkret olaraq Azərbaycan üçün də işarə var ki, münasibətlərdə həlqə daralır, nələrisə dəqiqləşdirmək lazımdır. Bəlkə də sülh müqaviləsi ilə bağlı yanaşmada dəyişikliklər hiss edəcəyik. Amma dediyim kimi, bu, Ermənistanın özü üçün də çox vacib məsələdir. Ermənistan gerçəkdən özünə ekzistensial bir dayaq axtarır. Çünki hazırda havadan asılı vəziyyətdədir. Paşinyanın yeni bir qanun qəbul etməsi, Ermənistanın artıq Avropaya doğru addım atmağa başlaması o deməkdir ki, bir neçə ildən sonra bu addımların sonu görsənəcək. Gürcüstan və Moldova da çox böyük sürətlə Avropaya doğru gedirdi. Ona görə bu, hələ o anlama gəlmir ki, proses başlandısa yaxın vaxtlarda konkret nəticəyə gətirib çıxaracaq. Trampın hansı addımlar atacağı, nə edəcəyi ilə bağlı da çoxlu düşüncələr var. Trampın seçilməsi, onun gücə söykənərək hərəkət etməsi, ultimatumlar verməsi bizə də birbaşa təsir edir. Ermənistanla hansı dildə danışacağımıza bu da xeyli təsir edəcək.
- Ermənistanın geosiyasi seçimi ilə bağlı Ermənistan - Rusiya münasibətlərində ehtimal olunan böhran Türkiyənin regiona yönəlik xarici siyasətini daha da aktivləşdirir. Sirr deyil ki, həm Qərbdə, həm də İrəvanda belə ümidlər var ki, Ermənistanın Rusiyadan qopmasından alacağı zərbəni Türkiyə ilə münasibətlərdə yeni səhifə açmaqla azaltmaq olar. Konkret olaraq sərhədərin açılmasına, iqtisadi əlaqələrin bərpa olunacağına ümid edirlər. Bu barədə düşüncələriniz nədən ibarətdir?
- Prinsipcə, buna cəhdlər olub. Amma düşünmürəm ki, Türkiyə Azərbaycanın maraqlarını hər hansı bir ikinci dövlətin maraqlarından aşağıda görsün. İstənilən halda Türkiyə öz xarici siyasətində Azərbaycana sərfəli olan varianta üstünlük verəcək. İkinci tərəfdən, Türkiyə heç vaxt Ermənistanın regiondakı bir nömrəli strateji tərəfdaşı ola bilməz. Azərbaycanla Türkiyənin münasibətləri bizim üzdən gördüklərimizdən də qat-qat dərinlərə gedib. Məhz orada Azərbaycan Türkiyənin maraqlarını həyata keçirməyə dəstək verir. Suriya məsələləri ərəfəsində və sonra Azərbaycan diplomatik nümayəndələri İsraildən olan diplomatlarla əlaqədə idi. Belə məsələlər var... Azərbaycan istənilən halda Türkiyənin regionda mövcudluğunu təmin edən ən yaxşı müttəfiqdir. Xəyali məsələlərə görə Ankaranın Azərabycanın maraqlarının əksinə addım atması gözlənilmir.
- Sizcə, Ermənistan daxilində hadisələr necə cərəyan edə bilər? Artıq Paşinyanın silahdaşlarından biri deyir ki, Ermənistanda növbədənkənar seçki gözlənilir. Bu ərəfədə Paşinyan öz mövqeyini gücləndirmək üçün Azərbaycanın tələbləri üzərində hərəkət etmək niyyətində deyil. Bu gedişat, Prezident İlham Əliyevin elan etdiyi şərtləri də nəzərə alsaq, Ermənistandakı daxili situasiyaya nə vəd edir?
- Ermənistanda böyük bir gərginliyin olacağını düşünmürəm. Biz bilirik, bizdə müxalifət nə gündədir. Amma Ermənistandakı müxalifət Azərbaycandakından da zəifdir. Bəli, hansısa sosial məsələlərdə xarici dəstəkdən istifadə edib ortaya çıxa bilərlər. Amma Paşinyan göstərdi ki, çox yaxşı tələbədir və tez öyrənir, vəziyyəti idarə etməyi yaxşı bacarır. Ötən ilin payızındakı çıxışlar onun bacarığını göstərdi. Paşinyanı gözləyən təhlükə müxalifətdən daha çox bəlkə də öz təşkilatı daxilindən gələ bilər. Ermənistana təsir etmək istəyən qüvvələr də bunu çox gözəl anlayır. Düşünürəm ki, prosesi başa çatdırmaq üçün Paşinyan avtokratiyaya doğru addımalar da ata bilər. Düşünmürəm ki, Paşinyan hakimiyyəti əldən verməyə hazırdır və ya buna gətirib çıxaracaq səhvlərə yol verəcək. Ona görə də Ermənistanın daxilində hansısa partlayışın baş verəcəyi inandırıcı deyil./azpolitika.info