Xəbər verdiyimiz kimi, Kolumbiya prezidenti Qustavo Petronun fevralın 4-də Nazirlər Şurasının iclasında “Kokain viskidən pis deyil” ifadəsini işlətməsi dünyanın diqqətini çəkib. Prezidentin tapşırığı ilə görüş canlı yayımlanıb. Lazımi səs-küyü yaradan Qustavo Petro deyib:
“Amerikalıları fentanil öldürür. Kolumbiyada onu istehsal etmirlər. Onlar fentanildən Meksikanı günahlandırmaq üçün istifadə edirlər. Fentanil isə ABŞ transmilli korporasiyalarının əczaçılıq preparatı kimi meydana çıxdı. Ondan istifadə edən cənablar asılı oldular, çünki o, həddən çox asılılıq yaradır və öldürür. İndi bunun günahı meksikalıların üzərində qalır. Əslində heç də belə deyil. Günah ABŞ biznesinin üstündədir”.
Bütün bunlar nə deməkdir?
Gəlin hadisənin təfərrüatlarına baxaq. Öncə onu xatırladaq ki, ABŞ-ın fentanillə bağlı ittihamlarına Çinin rəsmi nümayəndələri dəfələrlə cavab veriblər. Yanvarın 26-da isə Tramp və Petro arasında diplomatik böhran fonunda Çinin Kolumbiyadakı səfiri qeyd edib ki, ölkələr “diplomatik münasibətlərdə ən yaxşı dönəmi” yaşayırlar. Qustavo Petronun çıxışı ərəfəsində Ağ Ev Mask və Trampın USAİD-ə hücumlarına dair izahat dərc edib.
Bu günlərdə prezident Tramp USAİD-i ləğv etdi. Ağ Evin saytında USAİD-in dövlət xəzinəsindən aldığı vəsaitlərin sui-istifadə yolu ilə vergi ödəyicilərinə hesabat vermədən və heç bir nəzarət olmadan bürokratların gülünc və zərərli layihələrinə külli miqdarda pul xərclədiyi açıqlandı. Üstəlik, USAİD-in hansı istiqamətlərə pul xərclədiyi də göstərilib:
1. "Serbiyanın işçi qüvvəsi və biznes icmalarında bərabərliyi və inklüzivliyi təşviq etmək" üçün 1,5 milyon dollar;
2. Kolumbiyada "transgender operası" üçün 47.000 dollar;
3. Peruda "transgender komiksi" üçün 32.000 dollar;
4. Qvatemalada cinsiyyətin dəyişdirilməsi və "LGBT fəallığı" üçün 2 milyon dollar;
5. Müəyyən edilmiş terror təşkilatlarına bağlı qeyri-kommersiya təşkilatına yüz minlərlə dollar - hətta baş müfəttiş istintaqa başladıqdan sonra da;
6. Suriyada Əl-Qaidə yaraqlılarına yüz minlərlə dollarlıq yemək göndərilib;
7. İnkişaf etməkdə olan ölkələrdə “fərdiləşdirilmiş” kontraseptivlərin və doğuşa nəzarət vasitələrinin çapı maliyyələşdirilib və s.
O da iddia olunur ki, pnilliklər ərzində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vergi ödəyicilərinə hesabat verməyib, külli miqdarda pulları korrupsioner bürokratların şübhəli layihələrinə nəzarətsiz xərclənib.
Xatırladaq ki, hələ 2018-ci ildə (21.06.2018) USAID-in Əfqanıstandakı layihələri və "Breitbart" saytındakı məqalə haqda maraqlı nüans var idi. "Breitbart" saytının "Feds: U.S. Taxpayer Funds Helping Irrigate, Fertilize Afghan Opium Funding Taliban" adlı məqaləsində qeyd olunurdu: "ABŞ-ın Əfqanıstanın Yenidənqurulması üzrə Baş Müfəttiş Ofisi (SIGAR) orada xaşxaş becərilməsinin dəstəklənməsi üçün ABŞ tərəfindən maliyyələşdirilən Alternativ İnkişaf Layihələrindən (ADP) istifadə edildiyini bildirib".
2005-2008-ci illər arasında USAID fermerləri və narkotik tacirlərini tiryək yetişdirməkdən və ticarətindən çəkindirməyə yönəlmiş uğursuz layihələri maliyyələşdirmək üçün ən azı 330 milyon dollar ayırıb. "SIGAR"ın rəhbəri Con Sopko aşkarlayıb ki, kənd təsərrüfatının inkişafı proqramları, yəni kanalların bərpası üçün istifadə edilən proqramlar Vaşinqtondan üç dəfə böyük ərazini münbit hala gətirib və "təsadüfən" xaşxaş becərilməsini təşviq edib. "SIGAR" hesabatında deyilir: "Bəzi ərazilərdə inkişaf proqramları təsadüfən xaşxaş istehsalını dəstəkləyib. Buna misal suvarma sistemlərinin bərpası və inkişafıdır. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Əfqanıstanın Şərq və Cənub kanallarını bərpa edərək 113 808 hektar ərazinin məhsuldarlığını artırdığını bildirib.
Peyk məlumatları göstərir ki, bəzi ərazilərdə [USAID-in Qəndəhar Ərzaq Zonası proqramı] irriqasiya proqramı təkmilləşdirilmiş suvarma sistemləri vasitəsilə kənd təsərrüfatına ayrılan torpaqların həcmini artırıb, eyni zamanda tiryək əkilməsinin artmasına da töhfə verib. Həmçinin məlum olub ki, USAID-in bəzi layihələri tiryək yetişdirmək üçün istifadə edilən kənd təsərrüfatı avadanlıqları və gübrələr üçün vəsait təmin edib".
Bəzi detallara diqət edək - fevralın 2-də ABŞ-ın yeni XİN rəhbəri Marko Rubio miqrantların deportasiyası məsələsində Kolumbiya prezidenti Qustavo Petro ilə razılığa gəldi. Fevralın 3-də USAİD-i nəzərdən keçirmək və ona nəzarət etmək üçün Pit Marokkonun namizədliyi irəli sürüldü. Fevralın 4-də Qustavo Petro "kokain viskidən pis deyil" bəyanatı ilə dünyanı bir-birinə vurmaq qərarına gəldi. Belə görünür ki, narkobazarların, tranzit marşrutlarının və əsas operatorların konfiqurasiyası dəyişir.
Bəs, narkotikin əsas axını hara yönələcək: şöküş ərəfəsində olan Avropaya? Həmçinin, Trampın USAİD-i hansı səbəblərdən ləğv etdiyi bəlli oldu. Sən demə, USAİD-ə büdcədən axan pullar LGBT-ni “çiçəkləndirməyə” və narkotik istehsalına vüsət verməyə xərclənib.
Stopnarkotik.az