ABŞ-ın Azərbaycana verdiyi avadanlıqla gömrükdə 90 milyon dollarlıq heroin aşkarlandı - İRANDAN ESTONİYAYA APARILACAQDI / YENİLƏNİB

Bu ayın əvvəlində Astara gömrükçüləri İrandan Estoniyaya gedən tranzit yükündə dəyəri 90 milyon ABŞ dolları olan böyük miqdarda heroin müsadirə ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, "bu təhlükəli narkotiklərin aşkar olunması, ABŞ səfirliyi nəzdində Hərbi Qrup tərəfindən 2021-ci ildə Azərbaycan Dövlət Gömrük Komitəsinə təqdim edilmiş dəmir yol vaqonlarının stasionar tipli yoxlama baxış sistemi sayəsində mümkün olub".

    “Bu əməliyyat narkotik qaçaqmalçılığına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın, xüsusilə də ABŞ–Azərbaycan tərəfdaşlığının nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir. Ay ərzində həyata keçirilən bu uğurlu əməliyyat, ABŞ–Azərbaycan əməkdaşlığının hər iki ölkəyə fayda verdiyini və Amerika, Azərbaycan və bütün region üçün təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini göstərən parlaq bir nümunədir”, - məlumatda qeyd olunub

    *** 15 noyabr 2025 09:14 

    **

    Qara bazarda dəyəri 90 milyon ABŞ dollarından artıq olan heroin aşkar edilib.

    Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən xəbərə görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotik vasitə-heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

      Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Estoniya Respublikasına “kafel yapışdırıcısı” yükü aparan vaqon “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb və yükə stasionar rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib.

      Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3250 ədəd kisədən 44-də xüsusilə külli miqdarda, qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kq 800 qram olan narkotik vasitə-heroin aşkar edilib.

      Qeyd edilib ki, aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır.

      Faktla bağlı araşdırma aparılır.

      Stopnarkotik.az