9,3 MİLYON MANATLIQ MƏNİMSƏMƏ... - Müdafiə Nazirliyi xidmət rəisinin məhkəməsi oldu

Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, iş üzrə şahidlərinin dindirilməsi başa çatıb.

Proses mayın 8-də davam edəcək.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılmış və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.
İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.