9 ton kokain daşıyan gəmi təsadüf nəticəsində ələ keçdi - 11 RUS DƏNİZÇİ SAXLANILDI

Rusiyada 51 yaşlı Oksana Zubareva adlı qadının rəhbərlik etdiyi beynəlxalq narkoticarət sxemi ifşa olunub.

O, İspaniyadan olan ortağı ilə birlikdə Rusiyada “Eser” adlı yük gəmisini icarəyə götürərək Venesueladan Avropaya rekord həcmdə narkotik daşınmasını təşkil edib.

9 ton kokain: Panama → Venesuela → Mərakeş marşrutu

İstintaqa görə, Zubareva narkotrafikin bütün hissələrini Rusiyadan idarə edib. Onun hazırladığı sxemə əsasən, gəmi Panama bayrağı altında Panama - Mərakeş marşrutu üzrə hərəkət etməli idi. Gəmi yolda Venesuelaya daxil olub, burada ona 9 ton kokain yüklənib.

Sxemi “bağlayan” təsadüf

Narkokuryer planı təsadüf nəticəsində çöküb. Belə ki, səyahət zamanı ekipaj üzvlərindən biri ölüb və kapitan məcburən Kabo-Verde limanına daxil olub. Məhz burada yerli polis gəmini yoxlayarkən tonlarla kokaini aşkar edib.

11 rusiyalı dənizçi həbs edildi

Kabo-Verde məhkəməsi gəmidə olan 11 rusiyalı dənizçini narkotik daşımaqda təqsirli bilərək, 10 ildən 12 ilə qədər həbs cəzasına məhkum edib.

“Narkomafiyanın başı” Rusiyada mühakimə olunacaq

Oksana Zubarevanın özü isə hazırda Rusiyada saxlanılıb və onun işi Belqorod məhkəməsində araşdırılacaq. Qadının beynəlxalq səviyyədə fəaliyyət göstərən narkotrafik şəbəkəsinin rəhbəri olduğu bildirilir.