Bakıda bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən 1983-cü il təvəllüdlü Gülnarə Zeynalabdin qızı Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Stopnarkotik.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə G.Mirzəyevanın ümumilikdə yeddi nəfərə qarşı təxminən 600 min manatlıq dələduzluq etməsi bildirilib.
Məlum olub ki, G.Mirzəyeva zərərçəkmiş şəxslərin inam və etibarını qazanaraq onlardan müvafiq olaraq 205 600, 85 000, 25 000, 73 000, 58 000, 98 200 və 31 000 manat dəyərində (ümumilikdə 575 800 manatlıq) qızıl-zinət əşyaları və ya nağd pul alıb. Lakin verdikləri pulu və ya qızılları geri ala bilməyən şəxslər Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ediblər.
Məhkəmədə G.Mirzəyeva şikayətçilərdən yalnız biri ilə bağlı əməlini təsdiq edib. Digər şəxslərlə arasında borc məsələsinin olmasını iddia edib. Zərərçəkmiş şəxslər isə onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsi Gülnarə Mirzəyevanı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilərək səkkiz il müddətə həbs cəzası verib.