"500 min manat mənimsəmişəm, onu da tam ödəmişəm" - 143 milyonluq məhkəmə işi

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Stopnarkotik.az unikal-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində bir neçə hərbi hissənin maliyyə xidmətinin əməkdaşı şahid qismində ifadə verib. Qeyd edək ki, cinayət işində zərərçəkmişin (Maliyyə Nazirliyi) hüquqi nümayəndəsi iştirak etməyib. 

İlk olaraq hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyən Şükürov Şirin Bəhram oğlu 2017- 2021-ci illərdə işlədiyi hərbi hissədəki yeyintilərdən danışıb: ”Hamı necə mən də elə işləmişəm- 70 faizin 30 faizə. Yoxlama zamanı 514 min manat artığın 250 min manatını təftişə vermişəm, əlavə xərclərdə olub, qalanı mənə qalıb. Aparılan yoxlamalarda iştirak etmişəm. Əsasən Azər, Teymur, Rüfət adlı zabitlər gəlib təftişə. Bu həbs olunanların heç biri mənə tapşırıq verməyib. Mənim işlədiyim hərbi hissə birbaşa Müdafiə Nazirliyinə tabe olub, korpusla əlaqəsi olmayıb. 

Digər işlədiyim hərbi hissə isə korpusa tabe olub, orada bölgü üzrə pulu korpusun maliyyə idarəsinin rəisi Ceyhun Musayevə vermişəm. Həmin hərbi hissədən 140 min manat pul şəxsən özümə qalıb. Ümumilikdə 1 milyon 600 min manat mənimsəmə olub, onun 600 min manatı mənə qalıb, cəmi 33 min manat pul ödəmişəm. Qalan pulu yaxın müddətdə ödəyəcəm. 
Bu yerdə Nizami Məmmədovun vəkil Rəşad Mİrmehdizadə şahidə vurduğu ziyanla bağlı xatırlatma verdi: “ 2 ildir bu cinayət işi başlayıb, 600 min manat yeyintinin qarşılığında cəmi 33 min manat pul ödəmisən. Başa düşün, bu insanlar sizin arxayınçılığınız səbəbindən burda oturublar”.

Prosesdə sonra şahid, hazırda Müdafiə Nazirliyi Bakı Şəhər Mənzil İstismar Hissəsinin maliyyə xidmətinin rəisi Tərlan Əliyev ifadə verdi: ”Cinayət işində göstərilən illərdə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında maliyyə xidmətinin rəisi işləmişəm. Belə hadisə hər adamın başına gələ bilər, möhtərəm hakim. Yoxlama zamanı aşkar olunan çatışmazlıqlarla razılaşmışam. 1 milyon 500 min manat mənimsəmişəm, onun 500 min manatı mənə çatıb, qalan 30 faizini təftiş şöbəsinə vermişəm. Ayrı-ayrılıqda yoxlamaya 5-6 təftişçi gəlirdi, onlardan ancaq Rəsulzadə soyadlı zabit yadımdadır. Rafael Xələfov  4 dəfə qırağdan –qırağa pula alıb məndən. 2 dəfə şəhərdə görüşüb özünə, 2 dəfə də rəhmətlik Rövşən adlı şəxsə vermişəm. İbtidai istintaq dövründə Rafael Xələfovla üzləşdim, o cəmi 2 görüşü etiraf elədi. 
Prosesin bu yerində general Nizami Məmmədov Rafael Xələfovun maliyyə xidmət rəislərindən aldığı məbləğləri ya inkar etdiyini, ya da ona verməsi ilə bağlı ziddiyətə aydınlıq gətirdi: “Rafael Xələfov hər bir aldığını deyir Nizami Məmmədova vermişəm, ya da pul aldığı şəxslərin ona pul verməməsini söyləyir. Mənlə üzləşdirmə zamanı isə heç nə deyə bilmir, əsas gətirə bilmir. Bax bu qədər zabit gəlib ifadə verir, biri desin ki, Nizami Məmmədov tərəfindən onlara hər hansı bir xüsusi tapşırıq olub və ya nəsə istəmişəm”.
Sabiq idarə rəisindən sonra Tərlan Əliyev çıxışını davam etdirib: ”Mənim hərbi hissəmdə başqa şəxslərin adına 16 bank kartı olub, onlar əsasən qohum-əqrabam olub. Yəni yoldaşımdan tutmuş qardaşım, bacanağıma kimi hamının adına kart olub. Onlardan cəmi 1-2 nəfəri həqiqətən nazirlik sistemində işləyib”.
Araşdırmalar zamanı Tərlan Əliyevin adına 2020-ci ilin yanvar ayında Füzuli Ələkbərli tərəfindən kart açıldığı məlum olub. Bu yerdə vəkil Əli Adıgözəlov kart açmaq üçün Tərlan Əliyevə məxsus olan şəxsiyyət vəsiqəsinin Füzuli Ələkbərlinin əlinə necə keçdiyi ilə maraqlanıb. Məlum olub ki, hətta həmin karta 1000 manat pulda köçürülüb. Tərlan Əliyev isə proses iştirakçılarına həmin kartdan məlumatsız olduğunu bildirib.
Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan 4 zabitinin məhkəmə prosesi nazirliyin Hərbi Hava Qüvvələrində xidmət etmiş, hazırda təqaüddə olan Fariz Nəbiyevin ifadəsi ilə davam edib. F. Nəbiyev hərbi hissələrdən birində maliyyə xidmət rəisinin köməkçisi işlədiyi dövrdə məcbur olub cinayət törətdiyini, nəfsinə qalib gəlmədiyini etiraf edib: ”Ancaq yazılan rəqəmlərlə tam razı deyiləm. Çünki mən təftişdə xəstəliyimlə əlaqədar iştirak etməmişəm, həmin vaxt hospitalda olmuşam. Təftiş yoxlama zamanı 2019-cu ilin yanvar ayı üçün elə bir məbləğ yazıb ki, heç bir hərbi hissədə zamanına görə o boyda məbləğ olmur. Cəlal Kazımovla təqaüdə çıxmamışdan qabaq 2-3 ay işləmişəm. Təftişin pullarını ona verirdim. Sonuncu təftişdə Cəlal Kazımova mərhələ-mərhələ 47 min manat pul vermişəm”.
Səbrinə hakim ola bilməyən Cəlal Kazımov hakim Fikrət Əliyevdən icazə alaraq Fariz Nəbiyevin iş fəaliyyəti ilə bağlı qısa arayış verdi: “Hər ay qazancımızdan 4 min manat verirdim bu şəxsə. Mən qazanıramsa o da qazanmalıdıda. Onu yanıma gətirib baş köməkçi etmişəm. Qaldı dövrə, bizdən qabaq Nəriman Cabbarov və Tahir adlı zabitə verib pulu. Mənim dövrümə cəmi 56204 manat artığ olub, həmin məbləğdən mənə necə 43700 manat verə bilər? Ərizə yazmışdı ordu sıralarında tərxis olunması ilə bağlı, səbəb isə təftişə çatan pulu yemişdi, həm də ev almaq istəyirdi. 84 min manat təftişin pulunu mən vermişəm onun yerinə, 70 min manat da Rafael Xələfova verdim ki, aparıb versin Farizə. R.Xələfov nə qədər oyunlar oynasa da 70 mini məndən alıb Farizə verməyini etiraf edib”.
Şahid Fariz Nəbiyev isə Cəlala Kazımov tərəfindən ona heç bir məbləğin verilmədiyini, Rafael Xələfovun isə onunla pulnan bağlı ümumiyyətlə söhbətinin olmadığını qeyd edib. 
Fariz Nəbiyevin tərxis olunma məsələsinə general Nizami Məmmədovda aydınlıq gətirdi: “Fariz Nəbiyevin tərxislə bağlı ərizə yazdığını biləndən sonra onu, Rafael Xələfov və Cəlal Kazımovu yanıma çağırıb müəyyən ziddiyətli məsələləri yoluna qoydum, həmin vaxt maddi problemləri var idi. Dedim cavansan get işini işlə. Razı olmadım tərxis olunmağına”. 
Sonda Fariz Nəbiyev mənimsədiyi pulun ödənişi ilə bağlı danışdı: “Ümumilikdə 94 min manat mənimsəmə yazıblar mənim ayağıma, onun 22 mini ilə razı olmamışam. Mənə çatan cəmi 33 min manat olub, onun da 6,5 min manatını qaytarmışam. Qalanını da inşallah tezliklə satılacaq əmlakımı satıb ödəyəcəm”. 
F.Nəbiyevdən sonra hərbi hissələrdən birinin maliyyə xidmətinin rəisi ifadə verməyə başlayıb. Mustafazadə Elçin Əli oğlu 528 min manat mənimsəmə faktının olduğunu təsdiq edib: ”Həmin puldan 170 min manat mənə qalıb. 25 min manatını qaytarmışam, qalanınıda tez bir zamanda qaytaracağam. Mən hərbi hissəyə 2016-cı ildən gəlmişəm, ancaq pulnan bağlı Cəlal Kazımovla işləmişəm. Qayda belə idi, hərbiçilərin maaşını verirdik sonrada qalanını bölürdük. Ancaq görürəm Cəlal Kazımov məndən pul aldığını inkar edir, bütün göstərişlər ondan gəlirdi. Mənim dövrümdə hərbi hissələrdə ildə 3 dəfə yoxlama olurdu. 1-ci təftişdə Cəlal Kazımov olmayıb, qalanlarında şəxsən özü iştirak edib”. 
Cəlal Kazımovun vəkili Əli Adıgözəlov E. Mustafayevə 2016-2017-ci illər üzrə təftiş pulunun 50 faizini başqa təftişçilərə verdiyini xatırlatdı. 
Sonra E.Mustafayev dövlət ittihamçısının “ölü kart” sualına da aydınlıq gətirdi: “Bu ideyanıda Cəlal Kazımov verdi mənə, dedi ki, kart aç mənimsə. Məndə “ölü kart”lara 15818 manat pul yazmışdım. Onun da 13 min manatını Cəlal Kazımov aldı məndən. Həmçinin əlavə vəsaitlər istəyib məndən yoxlama adı ilə, mən də 20 min vermişəm”. 
Cəlal Kazımov isə həmin vaxt, yəni 2019-cu ildə yoxlamaya onun yox, inspeksiyanın gəldiyini dedi: ”Konkret 15 mini Elçindən alıb o zaman inspeksiyaynın rəisi olan Namiq Poladova vermişəm. Elçinin mənimsədiyi 528 min manatın 343 min manatı mənim dövrümə düşür. Elçin Mustafayevin adına Füzuli Ələkbərli kart açıb və 4500 manat pul köçürülüb həmin karta. Bu barədə Mustafayev nə deyə bilər?”
Elçin Mustafayev isə bu məsələyə belə izah verdi:” Füzuli Ələkbərlinin mənə borcu var idi, yəqin həmin borcu bu formada ödəyib, karta köçürüb”. 
Dövlət ittihamçısı Fuad Musayev: ”Belə çıxır şəxsi borclar da dövlətin büdcəsi hesabına ödənilir. Qəribə hadisələr baş verib sizin hərbi hissələrdə”. 

Məhkəmə prosesi 1 həftəlik təxirə salınıb.