34 il polisdə xidmət, Prezident köməkçisi, ikinci dəfə səfir... - İstefaya buraxılan general-polkovnik kimdir?

Xəbər verdiyimiz kimi, general-polkovnik Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb. Prezident başqa bir sərəncamla Məhərrəm Əliyevi Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Məhərrəm Əliyev 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən Daxili İşlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin olunub.

1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.

2012-2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb. Prezidentin 5 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilib. 2019-cu ilin noyabrında Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunub.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı Adil Əliyev Məhərrəm Əliyevin qardaşıdır.

Məhərrəm Əliyev 24 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycan bayrağı" ordeni, 25 iyun 2013-cü ildə "Vətən uğrunda" medalı, 24 iyun 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 19 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib./qaynarinfo.az