Quba rayonunda 33 yaşlı kişi işlədiyi marketdən oğurluq edib.
Hadisə 27 oktyabr 2024-cü ildə saat 20 radələrində Quba şəhəri, Vaqif küçəsində yerləşən “Life Store” marketdə baş verib.
Quba rayon sakini, 1992-ci il təvəllüdlü Cəfər Məmmədov (ad-soyad şərti verilib – red.) marketin anbarında olan iş masasının siyirməsindən 1200 manat pulu gizli oğurlayıb.
İstintaq orqanı tərəfindən Cəfər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, oktyabrın 27-də saat 20 radələrində fəhlə işlədiyi “Life store” marketin anbarında olan zaman anbar müdirinə məxsus masanın siyirməsinin açıq olduğunu görüb: “Siyirmənin içinə baxdım, heç kimin olmamasından istifadə edərək, gizlincə həmin pulun hamısını oradan götürdüm. Pulu saydıqda 1200 manat olduğunu bildim və cibimə qoydum. Anbar müdirindən icazə alaraq marketdən çıxdım. Vaqif küçəsi ilə Quba şəhərində yerləşən avtovağzal istiqamətinə getdim. Yoldan keçən tanımadığım taksi ilə Xaçmaz şəhərinə, oradan başqa taksi ilə Bakı şəhərinə getdim. Bakı şəhərində adını bilmədiyim gecə klubunda oldum, orada spirtli içki qəbul etdim, yemək və digər sifarişlər verdim. Pulları orada xərclədim”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Cəfər 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub./"teleqraf"