30 manata görə qonşusunu bıçaqlayan şəxsə 10 il həbs cəzası verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elməddin Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə ötən ilin martında Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisindəki 13 nömrəli məktəbin yaxınlığında qeydə alınıb. İttihama görə, hadisədən əvvəl Seymur Həsənov qonşusu 1983-cü il təvəllüdlü Elməddin Əsədovdan 30 manat borca pul alıb. Lakin o, aldığı pulu vaxtında qaytarmayıb. Borcu almaq üçün Elməddin Əsədov qonşusu Seymur Həsənovun qapısına gəlib. Qapıya gəldiyi üçün aralarında mübahisə yaranıb.

Mübahisə zamanı E.Əsədov S.Həsənova bıçaqla xəsarət yetirib. Zərərçəkmiş dərhal xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.