250 milyon dollarlıq silah: Hindistanın Ermənistana yardımının arxasında nə dayanır...

Son həftələrdə Ermənistanın Azərbaycana qarşı təxribatları artırdığı müşahidə edilir. Qarşı tərəf müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə qarşı zərbə PUA-larından və atıcı silahlardan istifadə edirlər. Azərbaycan ordusu düşmənə layiqli cavab verir.

Ermənistan tərəfinin yenidən hərbi təxribalara əl atması göstərir ki, onu silahlandıran qüvvələr var. Son zamanlar Ermənistan və Hindistan arasında hərbi əməkdaşlıq məsələsi yenidən gündəmdədir.

Ötən günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyan və Hindistanın Milli Müdafiə Kollecinin komandiri, general-leytenant Sukriti Sinx Dahia Ermənistan ordusunda aparılan islahatlar və Dehli ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər. İrəvana gələn nümayəndə heyəti bir neçə vacib məsələni, eyni zamanda hərbi əməkdaşlıq məsələsini müzakirə edib.  Bundan başqa, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qısa zaman kəsiyində iki dəfə Hindistana səfər edib və orada bir sıra vacib görüşlər keçirib. Hindistanın Ermənistandakı səfiri isə tez-tez İrəvanda yüksək vəzifəli şəxslərlə görüşür, hərbi əməkdaşlıq məsələlərini müzakirə edir.

Bu yaxınlarda Hindistan mətbuatında Ermənistana silah tədararükü barədə diqqətəlayiq məlumatlar yayılıb. Yerli qəzetlər yazır ki, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Sövdələşməyə “Pinaka” raket sistemləri və onların sursatları, tank əleyhinə digər silahlar daxildir. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan ATAGS haubitsaları da tədarük ediləcək.155 mm-lik bu artilleriya qurğularının atış məsafəsinin 48 kilometrə qədərdir və dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirilib.

Yaxın zamanda gözlənilir ki, Hindistan Ermənistana silah satmaqla bərabər hərbi əməkdaşlığı gücləndirsin.

Pakistanlı siyasi ekspert, Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri Musavar Hamid Tanoli Modern.az-a bildirib ki, Ermənistan və Hindistan arasında hərbi əməkdaşlığın güclənməsi iki ölkə regional problemlərə gətirib çıxara bilər:

“Son illərdə Ermənistanın Hindistandan yüklü miqdarda sillah almasının ciddi şahidi olmuşuq. Bu da sülh prosesində olan ölkə üçün bir ləkədir. Əslində Ermənistanın Hindistandan silah almasını daha da gücləndirməsi sülh istəmədiyinə dair bir nümunədir", - o vurğulayıb.

Bu ilin mayında Hindistanın yeni səfiri Sridxaran Madhusudhananın etimadnaməsini qəbul edən İlham Əliyev onun diqqətinə çatdırıb ki, bu gün Ermənistanda ölkəmizə qarşı ərazi iddialarını davam etdirən revanşist qüvvələr baş qaldırır. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını bildirən dövlət başçısı qeyd edib: “Əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?” Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Pakistanlı ekspert deyir ki, sülh üçün çalışan dövlət hərbidən daha çox diplomatiyasını gücləndirməlidir, amma biz bunun əksini görürük:

"Bu məqamda düşünürəm ki, Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq daha da artmalıdır. İki ölkə bir-biri ilə müxtəlif sahələrdə, eyni zamanda hərb sahəsində də ciddi naliyyətlər əldə ediblər. Yaxın zamanda Ermənistan və Hindistan arasında əməkdaşlığa cavab olaraq hərbi təlimlər keçirilə bilər. Eyni zamanda bura Türkiyə də daxil ola bilər".