Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33 min 379 cinayət qeydə alınıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində (DİN) 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan Kollegiya iclasında bildirilib.
Məlumata görə, onlardan 87,6 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 327 fakt təşkil edib. Cinayətlərin 94,4 faizi və ya 31 min 526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90,3 faizinin açılması təmin edilib.
Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3, qeyri-aşkar şəraitdə baş verənlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb.
Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 min 271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib.