"Bakı Metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində 25 ildir, tam qanuni şəkildə ticarət fəaliyyət aparılır. Həm Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə bağlanılıb, həm də POS-terminallar, kassa aparatları qoyulub. Bu günə kimi vaxtlı-vaxtında vergilər ödənilib, hazırda da ödənilir. Yeraltı keçidlərdə fəaliyyət göstərən ticarət obyektlərinin fəaliyyətinin dayandırılması barədə rəsmi qurumlar tərəfindən müraciət olacaqsa belə, bu ya Dövlət Vergi Xidməti, ya Əmlak Məsələləri Dövlət Xidməti, ya da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ola bilər. Obyektlərin bağlanması nə dərəcədə qanunauyğundur, hamısı araşdırılacaq".
Stopnarkotik.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında ərazidəki bəzi obyektlərin sahibi, Türkdilli Xalqaların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib.
“Hazırda ölkə başçısına və müvafiq qurumlara müraciət məktubu hazırlayıram. Mətbuat vasitəsilə cənab İlham Əliyevə səsimizi çatdırırıq. Sahibkarlara təklif edirlər ki, yaxında ticarət mərkəzi açılır, istəyirlərsə, ora getsinlər. Mən başa düşmürəm, kim istəyər gedər, kim istəməz getməz. Hazırda növbədənkənar parlament seçkiləri ilə əlaqədar rayondayam. Axşamdan bəri vəziyyətdən xəbərdaram”, - İ.İsmayılov bildirib.
Xatırlatma: Bakı Metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb. Mağazaların bağlanmasının səbəbləri barədə aidiyyəti qurumlar hələlik açıqlama yaymayıblar.