20 nömrəli məktəbdə narkotik asılılığına qarşı mübarizə təlimi keçirilib - FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sosial İnkişaf Yardım İctimai Birliyinin təşkilatçılığı və 20 nömrəli tam orta məktəbin ev sahibliyi ilə narkotik asılılığına qarşı mübarizə təlimi başlayıb.

Stopnarkotik.az xəbər verir ki, layihə çərçivəsində 3 ay müddətində 5 müxtəlif ali təhsil müəssisəsində maarifləndirici təlimlərin keçirilməsi planlaşdırılır. 

İlk təlim 20 nömrəli tam orta məktəbdə baş tutub. Tədbiri məktəbin direktoru Esmira xanım açaraq qonaqları salamlayıb və narkotik asılılığına qarşı maarifləndirmə işlərinin gənclərin və yeniyetmələrin gələcəyi üçün əhəmiyyətini vurğulayıb.

Sosial İnkişaf Yardım İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Zakir Quliyev çıxış edərək layihənin məqsədini, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və gözlənilən nəticələr barədə məlumat verib. O, bu layihənin gənclərin sağlam həyat tərzinin təşviq edilməsinə və narkotiklərdən uzaq durmalarına dəstək olduğunu qeyd edib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Əməliyyat Müvəkkili, polis polkovnik-leytenantı Natiq İsbatov çıxış edərək hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində gördüyü işləri və bu istiqamətdə gənclərin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev layihənin cəmiyyətin maarifləndirilməsi və narkotiklərə qarşı mübarizə istiqamətində verdiyi töhfələrdən danışıb. O, dövlətin narkotik vasitələrin yayılmasına qarşı gördüyü qabaqlayıcı tədbirləri, qanunvericilikdə edilən dəyişiklikləri və bu sahədə həyata keçirilən müsbət addımları qeyd edib.

Bakı şəhəri Narkoloji Mərkəzin həkim-narkoloqu Günay Əliyeva isə çıxışında narkotik asılılığının fərdlər, ailələr və cəmiyyət üçün yaratdığı təhlükələrdən danışıb. O, narkotiklərdən asılı şəxslərin reabilitasiyası və onların yenidən cəmiyyətə qazandırılması istiqamətində Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Növbəti çıxışçı layihənin təlimçisi Büllur xanım Məmmədova olub. O, layihənin maarifləndirmə işlərində və gənclərin məlumatlılığının artırılmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin narkotiklərdən uzaq durmağın yolları və gənclərin sağlam seçimlər etməsi üçün atılmalı olan addımlar haqqında fikirlərini bölüşüb.

Sonda iştirakçı gənclər tərəfindən verilən çoxsaylı suallar qonaqlar və təlimçi tərəfindən cavablandırılıb. 

Tədbir iştirakçıların birgə xatirə fotosu çəkdirməsi ilə yekunlaşıb.

Stopnarkotik.az