2 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi keçirildi

Yol-nəqliyyat hadisəsi zamanı 2 nəfərin ölümünə səbəb olan sürücünün növbəti məhkəmə prosesi keçirilib.

Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs Orxan Səfərovun məhkəmə prosesinə hakim Azər Tağıyev sədrlik edib. İlk olaraq marşrut xəttinə məsul "Çinar" şirkətinin hüquqşünası Kamran İsgəndərli dindirilib. O, qəza vaxtı sürücü olan Orxan Səfərova aid olan bütün sənədlərin və avtobusun texniki cəhətdən qaydasında olması ilə bağlı sənədləri məhkəməyə təqdim edib.  

Orxan Səfərov isə qəza vaxtı avtobusun texniki cəhətdən saz olmamasını bildirib. Hakim avtobusun texniki cəhətdən qaydasında olmamasına cavabdeh olan şirkətin nümayəndələrinin məhkəmədə dindirilməsi ilə bağlı qərar qəbul edib. 

Məhkəmə prosesi sentyabr ayının 5--nə kimi təxirə salınıb. 

Xatırladaq ki, hadisə ötən il sentyabr ayının 25-də  Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən "Sünbül” şadlıq sarayının qarşısında qeydə alınıb. Belə ki, üzü Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan, Novruzov Elnur Ariz oğlunun idarə etdiyi "Opel Astra” markalı avtomobil ilə Zığ qəsəbəsindən üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan Səfərov Orxan Adil oğlunun idarə etdiyi 185 nömrəli xətt avtobusunun toqquşması nəticəsində "Opel Astra" markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, avtobusun sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol-nəqliyyat hadisəsi iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb./"unikal"