Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosunun 1999-2025-ci illər ərzində hazırladığı hesabatda Venesuelada heç bir narkotik kartelinin olmadığı bildirilib.
Bunu Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martinez Berroteran “Venesuela, Latın Amerikası və Karib Sülh Bölgəsi" adlı konfransdakı çıxışında deyib.
Səfir bildirib ki, bu qurumun 2025-ci ildə yayılan hesabatına görə, Cənubi Amerikadan çıxan kokainin 87%-i Sakit Okean vasitəsilə, 8%-i Kolumbiya və yalnız 5%-i Venesuela vasitəsilə daşınır.
Kristofer Martinezin sözlərinə görə, BMT-nin hesabatına görə qlobal narkotik ticarəti illik 426-652 milyard dollar gəlir gətirir.
Səfir ölkəsinin narkotik ticarətinə qarşı əzmlə mübarizə apardığını və 2005-ci ildən bəri Venesuelada narkotiklərin müsadirə olunmasının 44% artdığını, bu illər ərzində 170-dən çox narkokartelin başçısının həbs və ya ekstradisiya olunduğunu bəyan edib.
“Biz öz iqtisadiyyatımızı diversifikasiya etməyə çalışırıq və sanksiyaların təsirini bu yolla zəiflətməyə səy göstəririk”, - Kristofer Martinez əlavə edib.
Səfir Venesuelanın sülhə, sabitliyə və dialoqa hazır olduğunu və eyni zamanda, “istənilən təcavüzə qarşı öz müstəqilliyini, suverenliyini qoruyacağını” vurğulayıb.