Dekabrın 25-də Rusiya ərazisində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan və bunun nəticəsində Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarə ilə bağlı araşdırma aparan komissiyanın ekspertləri bu günlərdə Braziliyadan "qara qutu”ların deşifrə edilmiş materialları ilə Astanaya qayıdacaqlar.
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Komissiya üzvləri Qazaxıstana qayıdırlar. Qazaxıstan, Azərbaycan və Rusiyanın nümayəndələrindən ibarət 17 beynəlxalq ekspertimiz var. Onlar Braziliyaya getmişdilər. Gəldikdən sonra ekspertlər dərhal "qara qutu”ların deşifrə edilmiş məlumatlarının öyrənilməsi və təhlilinə başlayacaqlar", - Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.
Qurumdan əlavə ediblər ki, yaxın vaxtlarda onlar Qazaxıstanda olacaqlar.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.