Vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən “Zamin Əmlak Agentliyi”nin direktoru vəzifəsində çalışan Oqtay Zərbəliyev, həmin agentliyin satış menecerləri Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov ittiham aktını elan edib.
İttiham aktına görə, təqsirləndirilən O.Zərbəliyev və həmin agentliyin satış menecerləri - O.Əliyev və N.Şahmuradov qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən şəxslərə qarşı dələduzluq ediblər.
Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verib.
İş üzrə ümumilikdə 78 nəfər zərərçəkmiş var.
Yuxarıda adları çəkilən şəxslər zərərçəkən şəxslərin ümumilikdə 1 milyon 490 min 200 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirilib.
Təqsirləndirilən şəxs O.Zərbəliyev özünü təqsirli bilməyib. Lakin O.Əliyev və N.Şahmuradov özünü qismən təqsirli bilib.
Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.