Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunur.
Stopnarkotik.az apa-ya xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov "Əmək pensiyaları haqqında" qanunda 8-ci və "Sosial müavinətlər haqqında" qanunda 4-cü maddələrə yenidən baxılmasını vacib sayıb.
Deputat çoxuşaqlı ailə məsələsinə də baxılmasını təklif edib: “Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilsin. Diferensial yanaşma bu sahədə çox vacibdir. Əgər çoxuşaqlı ailə modelini 5-dən 3-ə endirəriksə, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər".
Komitə sədri Musa Quliyev də bildirib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır: “Biz bu təklifi dəstəkləyirik. Çox uşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilməlidir. Eyni zamanda onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollarını biz axtarırıq”.
Musa Quliyev qeyd edib ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur: “Onlar da bu məsələdə müsbət fikirdədirlər”.
Stopnarkotik.az