Zaqatalada 3 yaşlı xəstə uşaq şiddətə məruz qalıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə lent.az-ın redaksiyasına şiddətə məruz qalan 3 yaşlı Xədicə Həsənzadənin anası Vəfa Həsənova məlumat verib.
O bildirib ki, övladı autizmdən əziyyət çəkir:
"Qızım 9 aydı Zaqatalada Xəqani Psixoloji Reabilitasiya Mərkəzinə gedir. Axır vaxtlar Xədicə qəribə olmuşdu, öz-üzünü şillələyirdi. Mərkəzdə müəllimə qızıma "ava" təlimi keçirdi. Bu təlim autizmli uşaqlara təhlükəsizliyi öyrətməklə bağlıdır. Xədicəni mərkəzə qoyandan sonra açıq pəncərədən onlara baxdım. Gördüm ki, müəllimə qızımın dizinə vurur. Öz narazılığımı mərkəz direktoruna bildirdim. Səhəri gün kamera açılanda başqa şiddətlərlə qarşılaşdım. Bunları videoya çəkdim. Hüquq-mühafizə orqanlarına da şikayət vermişəm. Mənim narazılığımdan, şikayətimdən sonra müəllimə işdən çıxarıldı. Amma indi eşidirəm ki, onu təzədən işə götürüblər. Mənim xəstə uşağımı döyüblər, əlimdə görüntülər var, lakin günahkarlar cəzalandırılmır".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, qeyd olunan məsələ ilə bağlı azyaşlının valideyni tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.
Müvafiq ekspertiza təyin olunub, həmin hərəkətlərin müalicə proseduru və yaxud zorakılıq olması ekspertizanın rəyindən sonra məlum olacaq.
Hazırda rayon polis şöbəsində istintaq araşdırmaları davam etdirilir.