Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 22.07.2024-cü il tarixində yerli vaxtla saat 12:08 dəqiqədə Zaqatala seysmik stansiyasından 55 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 15 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb, FHN-dən bildirilib.
Sözügedən zəlzələlərin ardından hansı rayonlarda təkanların olacağı gözləniləndir sualı hər kəsi düşündürür.
Seysmoloq Qulam Babayev növbəti pronozunu Referans.az-la bölüşüb.
O bildirib ki, bir neçə gün əvvəl qeyd etmişdi ki, həmin ərazilər aktivləşə bilər:
"Azərbaycanda hiss olunan zəlzələlər bu ilə ərzində baş verəcək. Qonşu ocaqların təsirindən də Azərbaycanda zəlzələlər baş verəcək. Bu Gürcüstanda əvvəlki baş verən zəlzələnin davamıdır. Qonşu ocaqlar hərəkətə gəlirlər və beləliklə yeni təkanlar, yeni zəlzələlər baş verir. Nəticə etibarilə, yaxın ərazilər titrəyişə məruz qalır. Amma, yaxın ərazilər titrəyişə məruz qalmaqla, onlar özləri də seysmik ocaq kimi səciyyələnirlər".
Müsahib deyir ki, yaxın vaxtlarda Azərbaycanda mövcud olan seysmik ocaqlar yenidən aktivləşəcək və bu Kiçik Qafqazın şimal yamacında baş verəcək:
"Gədəbəy, Gəncə ətrafı, Tərtər, Şəki- Oğuz, Zaqatala, Qəbələ seysmik ocaqları da aktivləşə bilər. Burada kiçik, amma, miqyas baxımından nəhəng seysmik ocaqlar mövcuddur. Çünki saydığım ərazilərdə bir neçə aktiv qırılmalar var. Qırılmaların qovşaqları var ki, bura mürəkkəb tektonik ərazilərdir. Hesab edirəm ki, bunlar hərəkətə gələ bilərlər. Onsuz da hərəkətdədirlər. Sadəcə, hərəkətin ikiqatlılığı müşahidə oluna bilər. Azərbaycanda sadaladığım ərazilərdə 4.5, 5.5 maqnitudalı hiss olunan zəlzələlərin olacağı qaçılmazdır".