Ukraynada qətl törətməkdə təqsirləndirilən idmançı Yasin Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Ali Məhkəmədə keçiriləcək proses fevralın 8-nə təyin edilib.
Şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Həsənov 12 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Qeyd: Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 2018-ci ilin iyulun 3-də Ukrayna Respublikası Kiyev yerləşən şəhərində restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs - Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan paytaxt sakini Yasin Həsənov Bakı şəhərində tutulub. Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub. Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib. Yasin Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration döyüşləri üzrə yığma komandalarının üzvü olub. O, dəfələrlə Azərbaycan çempionu olmaqla yanaşı, 2009-cu ildə cüdo üzrə Dünya Kubokunun, sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı olub. İstintaq orqanı tərəfindən Yasin Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib./pravda.az