Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi həbs olundu

Bakının Nəriman Nərimanov metrostansiyasında qadına əxlaqsızlıq edən şəxs saxlanılıb.

Stopnarkotik.az teleqraf.az-a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Neftçala rayon sakini Amil Babayev metro qatarının içərisində Gürcüstan vətəndaşı Elmiraya (ad-soyadlar şərti verilib – red.) qarşı qeyri-əxlaqi hərəkətlər edib.

Hadisəni törədən A.Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Babayev ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş ifadəsində təqsirləndirilənin metroda ona qarşı əxlaqsız hərəkətlər etdiyini göstərib: “Əli ilə bədənimə toxundu. Mən birinci dəfə bunun səhvən olduğunu düşündüm, sonra bu hərəkətlərin davam etməsini hiss elədim. Qışqıraraq niyə belə etdiyini soruşdum. O, stansiyada qatardan düşərək uzaqlaşmağa çalışdı. Mən də polis əməkdaşına şikayət elədim”.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Amil Babayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.