Türkiyədəki hotel yanğınında ölənlərin sayı artıb - YENİLƏNİB

Türkiyənin Bolu vilayətində Kartalkaya xizək mərkəzindəki hoteldə baş verən yanğın dəhşətli fəlakətə çevrilib.

"Haber Global" xəbər verir ki, ölkənin Baş Prokurorluğundan verilən açıqlamada hadisə yerində aparılan araşdırmalar və DNT testləri nəticəsində ölənlərin sayının 79 olduğu bildirilib.

Yanğının səbəbi hələ müəyyən edilməsə də, araşdırmaların ciddi şəkildə davam etdiyi qeyd edilib.

*** 

Kartalkaya xizək kurortunda 76 nəfərin ölümü ilə nəticələnən hotel yanğınından sonra Bolu bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə idarəsinin rəis müavini saxlanılıblar.

Bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

Televiziya şirkətinin məlumatına görə, həbs yanğınla bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib.

Daha əvvəl iş üzrə hotelin sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.

Xatırladaq ki, istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Yanvarın 22-də Türkiyədə milli matəm elan edilib./oxu.az