Türkiyədə azərbaycanlı məmurlara QARŞI DƏLƏDUZLUQ

Türkiyədə yüksək gəlirli vəsait vədi ilə azərbaycanlı diplomatları aldadıblar.

Stopnarkotik.az Türkiyə mediasına istinadən xəbər verir ki, ICRYPEX kriptovalyuta şirkətinin sahibi və rəsmisi Gökalp İçer azərbaycanlı diplomatlara qarşı təxminən 350 min dollar dələduzluq edib.

Diplomatlar İçerə qarşı fırıldaqçılıq ittihamı ilə cinayət işi qaldırıblar.

Onun 7 il yarıma qədər həbsi tələb edilib.

Məlumata görə, Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu Murad Şirinovu öz şirkətinin işçisi kimi təqdim edib.

Şirinov Azərbaycanda tanıdığı bankir vasitəsilə Azərbaycan diplomatları ilə əlaqə saxlayıb və özünü dövlət məmuru kimi təqdim edib.

Bu üsulla etibar qazanan Murad Şirinov əvvəlcə azərbaycanlı diplomata yüksək qazanc təklif edərək ondan pul alıb. Şirinov diplomatın telefonuna quraşdırdığı proqramla pulu izləyəcəyini deyib.

Bir neçə ay sonra diplomatın hesabına “mənfəət marjası” adı ilə müəyyən qədər pul qoyulub.

Qısa müddətdə yüksək gəlir əldə edən diplomat Azərbaycandakı həmkarlarına da pul yatırmağı tövsiyə edib. Tövsiyə əsasında daha iki azərbaycanlı diplomat sistemə qoşulub.

Diplomatlar Şirinova şəxsən və hissə-hissə ümumilikdə 350 min dollar çatdırıblar. Lakin bir müddət sonra diplomatların hesabı sıfırlanıb və Murad Şirinovla yenidən əlaqə saxlamaq mümkün olmayıb.

Aldadıldıqlarını anlayan zərərçəkmişlər İstanbul Baş Prokurorluğuna müraciət edərək ona qarşı cinayət işi qaldırıblar.

Araşdırmalar zamanı diplomatların telefonlarına quraşdırılan proqramlarda pul axınının olmadığı müəyyən edilib.

ICRYPEX-in sahibi Gökalp İçer və Murad Şirinova qarşı “informasiya sistemlərindən istifadə edərək ixtisaslı fırıldaqçılıq” ittihamı ilə 5 ildən 7,5 ilə qədər həbs tələbi ilə cinayət işi açılıb.