Beynəlxalq siyasət çox vaxt pis və daha pis arasında seçim edir. Ukrayna indi məhz bu vəziyyətdədir.
"The Atlantic" nəşrinin Ukrayna mövzusunda yazdığı məqalədə belə deyilir. Qəzet yazır ki, Ukrayna Silahlı Qüvvələrinin cəsarətinə və müttəfiqlərin dəstəyinə baxmayaraq, buraxılan səhvlər və Qərb tərəfindən kritik silahların verilməsinin gecikdirilməsi Ukraynaya baha başa gəldi:
“Qaçırılan şans…
Müharibənin əvvəlində Rusiya tərəfindən işğal olunmuş ərazilərin güc yolu ilə geri qaytarılmasının real ehtimalı var idi. Lakin Bayden administrasiyasının ehtiyatlılıq və qəti hərəkət arasında tərəddüd edən qətiyyətsizliyi ölümcül bir səhv idi. Əgər Birləşmiş Ştatlar və müttəfiqləri 2022-ci ildən Ukraynanı kütləvi şəkildə müasir tanklarla, təyyarələrlə və raket sistemləri ilə təmin etsəydilər, bugünkü hadisələrin gedişatı tamamilə fərqli ola bilərdi.
Bununla belə, Ukrayna indi elə bir vəziyyətdədir ki, perspektivlər təkcə Qərbin dəstəyindən deyil, həm də siyasi mənzərədəki qlobal dəyişikliklərdən, xüsusən də Donald Trampın hakimiyyətə qayıdışından asılıdır. Donald Trampın prezident seçilməsi qarışıq proqnozlara səbəb olur. Skeptiklər onun təcridçi baxışlarına, Putinə simpatiyasına və ABŞ-nin avropalı müttəfiqlərinə nifrət etməsinə işarə edirlər. Bununla belə, ehtiyatlı optimizm üçün də səbəblər var.
Trampın çevrəsinin Ukrayna ilə bağlı hazırladığı siyasi planlara aşağıdakılar daxildir:
- Münaqişəni dondurmaq üçün atəşkəs;
- Ukrayna üçün təhlükəsizlik zəmanətləri;
- Bərpa üçün yardım;
- Rusiyaya qarşı sanksiyaların qismən yumşaldılması.
Trampın özü tarixdə “böyük sülhməramlı” kimi iz buraxmaq arzusunu nümayiş etdirir. Ancaq onun Putinə olan əvvəlki heyranlığı azalıb. İndiki Putin artıq əvvəlki “qalib adam”a oxşamır: üç il davam edən müharibə böyük insan və texnika itkilərinə, iqtisadi tənəzzülə və strateji təsirin itirilməsinə səbəb oldu.
Ukrayna üçün real ssenari
Ukraynadakı mövcud vəziyyət kompleks yanaşma tələb edir, o cümlədən:
1. Ukraynanın NATO-ya üzvlüyünün təxirə salınması. Bu, Ukrayna alyansa inteqrasiyaya tam hazır olana qədər müvəqqəti kompromis ola bilər.
2. Müstəqilliyin təmin edilməsi. Rusiya Ukrayna siyasətinə və cəmiyyətinə hər hansı təsirdən məhrum edilməlidir.
3. Genişmiqyaslı yenidənqurma. Avropa donorları, xüsusən dondurulmuş Rusiya aktivləri vasitəsilə əsas maliyyə mənbəyinə çevrilə bilər.
4. Təhlükəsizlik zəmanətləri. Ukrayna ərazisində Avropa hərbi qüvvələrinin mövcudluğunu təmin etmək vacibdir. Buraya Polşa, Britaniya, Fransa və ümumilikdə 100.000 əsgərə qədər olan digər ölkələrə aid bölmələr daxil ola bilər.
Bu təhlükəsizlik təminatları Rusiyaya qarşı sanksiyalarla birlikdə Kremlin zəifləməsinə, Ukraynanın mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq.
Ukraynadakı müharibə Rusiya rejiminin zəif tərəflərini üzə çıxardı. İqtisadi təzyiqlər, rublun ucuzlaşması, inflyasiya və hərbi itkilər Kremlin sabitliyini pozur. Məsələn, “Qazprom”-a qarşı sanksiyaların artırılması vəziyyəti daha da pisləşdirə, Rusiya iqtisadiyyatına əlavə təzyiq yarada bilər”.
Nəşr yazır ki, “Tramp, Avropa və ABŞ-nin Ukrayna ətrafında birləşməsini” nəzərdə tutan ssenari mürəkkəb, lakin real olaraq qalır: “Bu proses Avropadan qətiyyət, ABŞ-dən liderlik və Rusiyadan məğlubiyyəti qəbul etməyi tələb edir. Putin isə bu məğlubiyyəti daxildə qələbə kimi təqdim edə bilər…”/azpolitika.info