Tanınmış jurnalistin qatili vaxtından əvvəl həbsdən buraxılıb - Ukraynada döyüşmək müqabilində...

"Sui-qəsd nəticəsində həyatına son qoyulan mərhum rusiyalı jurnalist Anna Politkovskayanın qətlinin təşkilatçısı həbsxanadan çıxıb və Ukraynada döyüşür".

Bunu "Baza" yazıb.

"Anna Politkovskayanın qətlini təşkil etdiyinə görə 20 il müddətinə azadlıqdan məhrum edilən Sergey Hacıkurbanov müharibədə iştirak müqabilində həbsdən vaxtından əvvəl azad edilib, 2022-ci ilin sonunda cəbhəyə yollanıb", - deyə nəşr qeyd edib.

Xatırladaq ki, Anna Politkovskaya 90-cı illərin əvvəllərindən Rusiya müstəqil mətbuatının tanınmış nümayəndələrindən idi. “Meqapolis Ekspress”, “Novaya qazeta” kimi nəşrlərdə çalışan Politkovskaya araşdırmaçı jurnalist kimi məşhurlaşmışdı. O, daha çox Çeçenistan müharibəsi ilə bağlı araşdırmalar edir, Rusiya ordusunun münaqişə bölgəsində törətdiyi özbaşnalıqlardan, adam oğurluqlarından və korrupsiyadan geniş yazılar yazırdı. O, 2006-cı il oktyabrın 7-də öz evinin qarşısında muzdlu qatil tərəfindən öldürülmüşdü.