Biləsuvar rayonunda 1990-cı il təvəllüdlü Rəsul ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nəzrinə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Stopnarkotik.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə bu ilin fevralın 10-da Biləsuvar rayonunun kəndlərindən birində baş verib.
Rəsul həmin gün, saat 18 radələrində sərxoş vəziyyətdə yaşadığı fərdi yaşayış evində arvadı Nəzrin ilə aralarında yaranmış ailə münaqişəsi zəminində, yəni sonuncunun ondan xəbərsiz atasının evinə getməsinə görə bir neçə dəfə yumruq və təpiklə vurub.
Hadisəni törədən Rəsulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəsul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, ailəsi ilə birgə yaşayır, evlidir və himayəsində 3 övladı var:
“Zərərçəkmiş Nəzrin mənim arvadımdır. Biz artıq 14 ildir ki, evliyik. Fevralın 10-da 150 qram spirtli içki qəbul edərək evə gəldim. Nəzrini evdə tapa bilmədim. Bundan sonra arvadımın atasının evinə getdiyini fikirləşərək, qonşuluqda yaşayan qayınatamın evinə getdim. Mən yolda Nəzrini gördüm. Küçədə arvadımın və onun valideynlərinin ünvanına söyüşlər söydüm. Bundan sonra biz yaşadığımız evə gəldik. Evdə olduğumuz vaxt arvadımı yumruqla vurdum”.
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Rəsul 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.