Astara Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Fərəcovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, Çingiz Fərəcov həmkəndlisi, zərərçəkmiş Nizam Nizamova (ad, soyadı şərtidir) Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifədə işləyən tanışlarının olduğunu, habelə onların yanında yüksək nüfuza malik olduğunu və digər bu kimi həqiqətə uyğun olmayan məlumatlar verib. O, zərərçəkmiş şəxsin oğlunu SOCAR-da yüksək vəzifədə işləyən tanışları vasitəsi şöbə rəisi vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verərək aldadıb. Çingiz bu yolla 2019-cu ilin aprel ayının ortalarında Astara rayonu Vaqo kəndində yerləşən yaşadığı evin həyətində Nizam Nizamovdan ümumilikdə 17 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra Çingiz Fərəcov cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd: Çingiz Fərəcov Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub./pravda.az