Şəki Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 8 saylı beynəlmiləl tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmlə mübarizə” mövzularında növbəti maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı məlumat verib, antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Daha sonra erkən nikah və dini radikalizmin fəsadlarından söz açılıb, bu kimi halların qarşısının alınması məqsədilə görülən işlər barədə məktəblilər məlumatlandırılıb.
Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Stopnarkotik.az